Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Günü ağacəkmə aksiyası ilə qeyd olundu

12 noyabr 2015 | 11:00
  Təhsil və mədəniyyət ocaqlarında bayram tədbirləri keçirildi
 
 Ölkəmizin tarixində əlamətdar hadisələrdən biri olan Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə Pirallahı rayonunun bütün qəsəbələrində ağacəkmə kampaniyası keçirilmiş, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə Pirallahı rayonunun Pirallahı qəsəbəsində keçirilmiş ağacəkmə aksiyasına Rayon İcra Hakimiyyəti Aparatının, idarə və müəssisələrinin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının fəalları ilə yanaşı, sakinlər də həvəslə qoşuldular. 400 nəfərdən artıq fəalın iştirak etdiyi iməcilik zamanı S.Vurğun, K.Rzayev küçələrində və mərkəzi küçə boyu səliqə-sahman yaradılmış, təmizlik işləri aparılmış, xeyli sayda Eldar şamı və lelandra ağacları əkilmişdir. Ağacəkmə aksiyası Qala-Pirallahı magistral yolu boyunca davam etdirilmişdir. Gürgən, Çilov və Neft Daşları qəsəbələrinin sakinləri də təşəbbüsə həvəslə qoşulmuşlar.  Təzə əkilən ağaclar suvarılmış, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə gün ərzində rayon ərazisində iki minədək müxtəlif  növ ağac əkilmişdir.
   Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrində, V.Mustafazadə adına Mədəniyyət və 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzlərində, 14 saylı Uşaq Musiqi məktəbində keçirilən tədbirlərdə iştirak edən Pirallahı RİH-in əməkdaşları müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etdilər, bu hadisənin Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri olduğunu vurğuladılar. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. Belə ki, 1918-1920-ci illərdə mürəkkəb geopolitik şəraitdə fəaliyyət göstərməyə məcbur olmuş Azərbaycan Xalq Cümhuriyyəti bir çox obyektiv və subyektiv amillər səbəbindən müstəqil dövlətimizin Konstitusiyasını hazırlayıb qəbul edə bilməmişdi. Sovetlər dönəmində xalqımıza qəbul etdirilmiş “Konstitusiya”lar isə nə Azərbaycanın dövlət quruculuğunun tələblərinə, nə azadlıq və müstəqillik amallarımıza, nə də xalqımızın milli-mənəvi ruhuna cavab vermirdi. Bu səbəbdən 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu il Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 20 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur.
   Tədbirlərdə çıxış edən məktəblilər, bağça uşaqları, eləcə də Mədəniyyət və Uşaq Yaradıcılıq Mərkəzlərinin yetirmələri Vətənə, anaya, müəllimə, ana dilimizə aid şeirlər söylədilər, mahnı ifa etdilər, körpə fidanların iştirakı ilə hazırlanmış bir neçə bədii kompozisiya nümayiş etdirildi.
Keçidlər