Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı İcra hakimiyyətində növbəti qəbul keçirildi

15 aprel 2013 | 10:00

Aprel ayının 10-da Pirallahı rayonu İcra hakimiyyətində sakinlərin növbəti qəbulu təşkil edildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov keçirdi. Qəbula gələnləri salamlayan İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Rəbiyyə Qasımova, Aydın Səmədov, Həmdiyyə Karamışova, Gəncəli Mürşüdov, Sitarə Əhmədova, Çingiz Quliyev, Əfsanə Əsgərova, Adil Babayev, Yelena Aşumova, Aqil Məmmədov, Radmila Tahirova, Valentina Nəsirova və başqaları, ümumilikdə 50 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz və qəzalı vəziyyətdə olan evlər, mənzil, bələdiyyə torpaq sahələri, işlə təminat, qeydiyyat, zəbt olunmuş yerlərin aqibəti, kommunal borclar və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı su təminatının daha da yaxşılaşdırılması məqsədilə Zirədən gələn baş su xəttinə qanunsuz qoşulmaların ləğv edildiyini, qəsəbədəki evlərdə istilik sisteminin bərpa ediləcəyini, yöndəmsiz köşklərin və tikililərin aradan qaldırılacağını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MİS-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi, texniki ali təhsilli gənclərə ARDNŞ-in və “Azərsu” ASC-nin işə qəbul imtahanlarında iştirak etməyi məsləhət gördü və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.

Keçidlər