Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd olundu

20 noyabr 2015 | 11:00
   Bu günlərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində, paytaxtımız Bakı şəhərinin rayonlarında silsilə bayram tədbirləri keçirilir.
   Partiyanın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş növbəti bayram tədbiri Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı tərəfindən Pirallahı qəsəbəsində təşkil edildi. Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin deputatı Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, YAP fəalları iştirak etdilər.
   “Retro” sarayında  keçirilən təntənəli yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açıq elan edən YAP Pirallahı  Rayon Təşkilatının sədri Manaf Manafov  əlamətdar tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümü münasibətilə yığıncaq iştirakçılarını təbrik etdi, partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğuladı. Amansız siyasi mübarizələrdə iqtidar partiyası kimi formalaşan YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan M.Manafov bildirdi ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilmişdir: “YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 mindən çox üzvü olan partiya geridə qoyduğumuz 23 il ərzində şərəfli və qüdrətli bir yol keçmişdir. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər”. M.Manafov vurğuladı ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və digər bu kimi əvəzolunmaz dəyərlərin təbliğinə xüsusi yer verir.
   Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov partiyanın 23-cü ildönümü ilə bağlı rayonda silsilə tədbirlərin davam etdirildiyini söylədi. V.Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin ən müxtəlif təbəqələrini təmsil edən intellektual, yaradıcı, zəhmətkeş insanlarını birləşdirdiyini xüsusi vurğuladı: "Yeni Azərbaycan Partiyası hər zaman Azəbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür". V.Səfixanov onu da qeyd etdi ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiya prinsiplərinin bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd kimi qoymuşdur.
   Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin deputatı Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 ildə keçdiyi şərəfli yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etdiyindən, bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki qələbələrinin hamısının Yeni Azərbaycan Partiyasının fəaliyyəti sayəsində, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin zəhməti, əzmi, qətiyyəti nəticəsində əldə edildiyindən danışdılar.
   Daha sonra YAP sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərmanlar və hədiyyələr təqdim edildi.
   Tədbirə incəsənət ustalarının ifasında geniş konsert proqramı və bayram atəşfəşanlığı ilə yekun vuruldu.
Keçidlər