Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

26 noyabr 2015 | 11:00
    26 noyabr 2015-ci il tarixdə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında  “Narkomaniyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı RİH və Rayon Polis Şöbəsinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının işçiləri,  rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etdilər.
    Rayon İcra Hakimiyyəti başçısı Aparatının Baş məsləhətçisi İlqam Əskərov öz çıxışında bildirdi ki, günümüzün ən böyük problemlərindən olan narkomaniya bəlası ilə hər bir vətəndaşımız qarşılaşa bilər və bu bəladan heç kəs sığortalanmayıb. Problemin həllində cəmiyyətin bütün təbəqələri, kimliyindən asılı olmayaraq hər bir vətəndaş xüsusi fəallıq göstərməlidir.
      Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı Kənan Nuriyev çıxışında qeyd etdi ki, bu gün bütün dünyanı bürüyən “ağ ölüm“ adlanan narkomaniya, sağlam gələcək nəsil anlayışının yox olmaq təhlükəsi ilə üzləşdirir. Narkotik vasitələrdən istifadə edən insanlar anlamadırlar ki, onlar təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir.
   10 saylı Birləşmiş Şəhər Xəstəxananın baş həkiminin müavini Kəmalə Mustafayeva çıxışında  narkomanlıqla mübarizənin hər bir vətəndaşın vəzifəsi olduğunu və elə bu səbəbdən də Azərbaycan Respublikasının bütün aidiyyəti dövlət orqanlarının narkomanlıqla ciddi şəkildə mübarizə aparıldığını xatırlatdı. Bildirdi ki,  hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə vasitələr ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar.  Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır.
    Tədbirdə bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyi vurğulandı.
    Çıxışların sonunda suallar cavablandırıldı və mövzuya aid videoçarx nümayiş olundu.
Keçidlər