Pirallahı rayon İcra Hakimiyyətində yüzdən çox sakinin iştiraki ilə növbəti qəbul keçirildi
Aprel ayının 17-də Pirallahı rayonu İcra hakimiyyətində sakinlərin növbəti qəbulu təşkil edildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov keçirdi. Qəbula gələnləri salamlayan İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. Daha sonra İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Səkinə Lalayeva, Zaur Babayev, Əminə Haşımova, Hüseyn Həsənov, Yusif Babayev, Yavər Abışova, Təranə İsgəndərova, Həvva Bağırova, Çingiz Əliyev, Qalina Nikitina və başqaları, ümumilikdə 100 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən sənədsiz və qəzalı vəziyyətdə olan evlər, mənzil, bələdiyyə torpaq sahələri, işlə təminat, qeydiyyat, zəbt olunmuş yerlərin, sənədsiz obyektlərin aqibəti, hətta ailə və şəxsi problemləri, digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı Prezident İlham Əliyevin yeni qurulan Pirallahı rayonuna layiqli dəstək nümayiş etdirdiyini, burada böyük bir şəhər salınacağını, yeni, müasir binalar tikiləcəyini, sakinlərin bütün mövcud problemlərinin həll ediləcəyini vurğuladı, antisanitariya şəraiti yaradan yöndəmsiz köşklərin və tikililərin aradan qaldırılacağını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MİS-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi, texniki ali təhsilli gənclərə ARDNŞ-in və “Azərsu” ASC-nin işə qəbul imtahanlarında iştirak etməyi məsləhət gördü və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.