Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

28 oktyabr 2022 | 17:59
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 28 oktyabr 2022-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
      İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə, Ermənistanı kapitulyasiya etməyə, üçtərəfli bəyanata imza atmağa məcbur etməklə bölgəmizdə yeni reallıq yaratdı, dünya müharibə tarixinə öz möhürünü vurdu. Təcavüzkar Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. 
        Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Oktyabrın 24-də Prezident İlham Əliyevin növbəti səfəri baş tutdu. Ölkə başçısı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər edib. Cənab Prezidentin Gürcüstana səfəri çərçivəsində keçirilən görüşlər verilən bəyanatlar iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın nə qədər geniş olduğunun bariz nümunəsidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən logistik layihələr, nəqliyyat dəhlizləri marşrutlarının diversifikasiyası ilə bağlı atılan strateji addımlar çağdaş geosiyasi reallıqlar çərçivəsində öz əhəmiyyətini daha da artırıb. Gürcüstanla əlaqələrimizin yüksələn xətlə inkişaf etməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantıdır. Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artması Cənubi Qafqazın bütün ölkələrinin inkişafına təsir göstərir.
       Diqqətə çatdırıldı ki,  Qarabağda və Sərgi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Füzuli və Zəngilan Hava Limanlarının açılışı, eyni zamanda, Laçın Hava Limanının inşası və Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin reallaşıdırılması və digər infrastruktur  layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması  və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər