Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Məsələlər üzrə Komissiyanın növbəti iclası keçirildi

15 dekabr 2015 | 11:00
   15 dekabr 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Dini Məsələlər üzrə Komissiyanın növbəti iclası keçirildi.  İclasda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov və komissiyanın üzvləri, hüquq-mühafizə orqanları, din xadimləri, orta təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak etdilər.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs etdi. Əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. Dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai-siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi ölkəmizin milli gücünün də artmasında ifadə olunur. Təəssüflə qeyd edildi ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici qüvvələr ölkəmizdə əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, hətta Konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Nardaran qəsəbəsində “Müsəlman Birliyi” adlı hərəkatın din pərdəsi altında bir qrup radikal ekstremist təfəkkürlü ünsürlərlə təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyə hazırlaşması vurğulanıb və bu hallara qarşı hamının ayıq-sayıqlıqla mübarizə aparmasının, xüsusi ilə gənclərin sağlam təlim-tərbiyəsinin xalqa, vətənə, dövlətimizə sədaqət hissləri ilə inkişafının zəruriliyi qeyd edildi.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Dini Məsələlər üzrə Komissiyanın üzvləri məsələ ətrafında geniş müzakirə apararaq, din pərdəsi altında Nardaran qəsəbəsində “Müsəlman Birliyi” adı ilə bir qrup silahlı cinayətkar dəstənin dinc qəsəbə sakinlərinə təzyiq göstərərək zorakı yollarla əhalinin məcburi şəkildə hakimiyyətə qarşı radikal çıxış etmələrini, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsi ilə sövq etmələrini, terrorçuluq fəaliyyətlərini qətiyyətlə pislədilər.
   Sonda bildirildi ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılıb. Müstəqilliyə qədəm qoyduğumuz dönümdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə onların sayı 2000 çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, respublikamız dünyada nümunəvi tolerant ölkə kimi tanınır.
Keçidlər