Pirallahı rayonunda 2013-cü ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılmasından sonra 26 aprel 2013-cü il tarixində Pirallahı rayonu İcra Hakimiyyətində ilk hesabat yığıncağı keçirildi. Yığıncaqda rəsmi qonaqlar, Pirallahı rayon İcra Hakimiyyəti aparatlarının məsul əməkdaşları, Pirallahı rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər işçiləri iştirak etdilər. Tədbir Pirallahı RİH tərəfindən 2013-cü ilin I rübündə görülən işlər barədə hesabat əks olunan videoçarx və slaydların nümayişi ilə başlandı.
Bildirildi ki, Pirallahı rayonuna İcra Başçısı təyin olunan ilk gündən uzun illərdir baxımsızlıqdan əziyyət çəkən Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. İlk növbədə qəsəbənin giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri görülmüşdür. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən asma körpünün tikintisi davam edir. Binaların həyətindən, yol kənarlarından dəmir köşklər götürülmüş, zəbt olunmuş, çəpərlənmiş ərazilərin boşaldılması və təmizlənməsi, antisanitariyanın aradan qaldırılması işləri davam edir. Qəsəbəyə gələn əsas magistral yolda cari asfalt döşəmə təmir işləri aparılmış, yolun ayırıcı xətləri yenilənmiş, piyada keçidləri müəyyən edilmişdir. V.Mustafazadə adına Mədəniyyət mərkəzinin fasad hissəsi cari təmir olunur. “Gənclər parkı” tam abad vəziyyətə gətirilmiş, bunun ardınca “Uşaq parkı”nda cari təmir işlərinə start verilmişdir.
Hesabat dövründə rayonda iki idarə - “Azərsu” ASC-nin Su-Kanal Departamenti və Rayon Kommunal Təsərrüfat Birliyi yaradılmış və fəaliyyətə başlamışdır. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4 zolaqlı müasir avtomobil yolunun tikintisi sürətlə davam edir. Pirallahı adasının şimal-şərq qurtaracağında “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisinə başlanmışdır. Qəsəbədə ekoloji və sanitar vəziyyətin daha da sağlamlaşdırılması, magistral yolda və digər küçələrdə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə ev heyvanlarının sahibsiz şəkildə qəsəbə ərazisinə buraxılmasının qarşısı alınmışdır. 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri yüksək templərlə davam edir. Çilov adasında yerləşən xəstəxananın ərazisi abadlaşdırılmış, 20 ədəd çarpayı və yataq dəstləri ilə təmin edilmişdir.
Hesabat döründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizsiyası aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikinti işləri dayandırılmışdır. Rayon mərkəzi olaraq Pirallahı qəsəbəsinin gələcək inkişaf perspektivinin kompleks şəkildə və planauyğun həyata keçirilməsi məqsədi ilə ilkin olaraq qəsəbənin baş planının hazırlanması istiqamətində lazımi tədbirlər görülməkdədir.
Əlaqədar orqanlarla birlikdə qəsəbənin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmiş, ictimai mərkəzdə tikiləcək Rayon İcra Hakimiyyətinin inzibati binasının və Heydər Əliyev Mərkəzi binasının layihəsi sifariş olunmuş, rayon prokurorluğunun, Daxili İşlər Nazirliyi Pirallahı rayon polis şöbəsinin, payon məhkəməsinin, Milli Təhlükəsizlik Nazirliyi Pirallahı rayon şöbəsinin və digər rayon strukturlarının inzibati binalarının tikiləcəyi sahələr muəyyənləşdirilmiş, tikiləcək idarə binalarının təcili tikintisi üçün lazımi tədbirlər görülməsi məqsədilə əlaqədar nazirlik və baş idarələr qarşısında məsələ qaldırılmışdır.
Qəsəbənin mərkəzi hissəsində bütün zibilliklər təmizlənərək səliqəyə salınmış, digər ərazilərdə bu işlər davam edir, mövcud 36 ədəd zibilliyin yenidən layihələndirilməsi başa çatıb, əlavə 10 yerdə zibil tullantısı üçün yeni sahələr müəyyənləşdirilib və bu sahələrdə estetik görkəmli zibilxana tikintisinə başlanmışdır. Ərazidə ümumilikdə 126 zibil konteyneri qoyulacaqdır. İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşən və çirkab mənbəyi olan 3 ədəd gölün suyu güclü nasoslar vasitəsi ilə çəkilərək göllər qurudulmuşdur.
Qeyri-qanuni tikilmiş, arxitektura baxımından zövqsüz olan, rayonun baş planına uyğun olaraq şökülməsi nəzərdə tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi üçün 2 ədəd 9 mərtəbəli binanın təcili tikintisi üçün sahə ayrılmış, işçi layihə hazırlanaraq yaxın vaxtda tikinti işlərinə başlanılacaqdır. Helikopter meydançasının yanında, yolun hər iki tərəfində tikilmiş qüllələrin ətrafında bardyur daşları qoyularaq qüllələrin ətrafına qazon döşənmiş, bəzək ağacları və gül kolları əkilərək ərazi abadlaşdırılmış, qüllənin giriş və arxa hissəsinə Ulu Öndər Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin böyük həcmli portretləri asılmışdır. “Gənclər parkı”nın qarşı tərəfindəki 5 mərtəbəli binaların fasadlarına Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük həcmli plakat-portretləri vurulmuşdur.
Qəsəbənin 1 nömrəli problemi sayılan içməli su məsələsinin həlli üçün Zirə qəsəbəsindən adaya gələn mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlər kəsilərək adaya gələn suyun həcmi artırılmış, “Azərsu” ASC-nin yaxından köməyi ilə rayona 4 ədəd su maşını alınaraq qəsəbə sakinlərinə təmənnasız olaraq gündəlik 40 ton içməli su verilməsinə nail olunmuşdur. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Ərazinin su və kanalizasiya sistemi problemlərinin kompleks həllinə başlanılmış, daxili xətlərin yenidən qurulması təcili olaraq layihələşdirilərək məhəllələrdə işin icrasına start verilmişdir. Zirədə tikilmiş iri həcmli su anbarlarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. Qəsəbənin iri yaşayış məhəllələrinin həyətlərində heç bir tikinti və şəhərsalma normalarına riayət edilmədən qanunsuz tikilmiş qarajlar, mağazalar və ticarət köşklərinin xeyli hissəsi sökülərək həyətrlərdən təmizlənmiş, bu həyətlərin abadlaşdırılması işlərinə başlanmışdır. K.Rzayev və S.Bağırov küçələrindəki, 28-ci, 29-cu və 40-cı məhəllələrdə inşa olunmuş “xeyir-şər” evlərinin təmir olunaraq qaydaya salınması işlərinə başlanmış, tikintisi yarımçıq qalmış bu kimi obyektlərin tikintisi davam etdirilir.
Qəsəbədə yeni məscid tikintisi üçün layihə sifariş olunmuşdur. Pirallahıda fəaliyyət göstərən 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində və V.Mustafazadə adına Mədəniyyət Mərkəzində pulsuz dərnəklər təşkil edilmişdir. Videorolikdə eyni zamanda Novruz Bayramı, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən tədbirlər də əks olunmuşdur. Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin yüksək səviyyədə bayram edilməsi məqsədilə geniş hazırlıq işləri gedir.
Hesabat dövründə hər həftənin üçüncü günü Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbul günləri keçirilmiş və bu qəbullarda 250 nəfərdən artıq sakin iştirak etmişdir. Hesabat dövründə habelə, rayon sakinlərinin bilavasitə İcra Hakimiyyətinə və yuxarı təşkilatlara ünvanladığı 15 ərizə və şikayət aidiyyatı üzrə baxılmış və cavablandırılmışdır. 2 aprel 2013-cü il taixdə Rayon İcra Hakimiyyəti Başçısının Çilov adasında 200 nəfər sakinin və adada yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi səyyar qəbulu keçirilmiş, vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilmiş, müvafiq tapşırıqlar verilmişdir. Hesabat dövrü ərzində Pirallahı rayonunun ayrıca saytı yaradılmışdır.
Hesabat dövründə Pirallahı rayonunda sənaye sahəsi üzrə də müəyyən nailiyyətlər əldə edilmişdir. “28 May”, “Neft Daşları” və “Abşeronnefr” NQÇİ-lər 2013-cü ilin I rübündə neft və qaz hasilatı tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişlər. Bütövlükdə 2013-cü ilin I rübündə Pirallahı rayonu üzrə neft hasilatı 1 mln 508 min 527 ton, qaz hasilatı isə 1 mlrd 487 mln 452 min metr kubu təşkil etmişdir. Hər üç neftqazçıxarma idarəsinə dəniz nəqliyyatı xidməti göstərən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də hesabat dövründə yüksək istehsalat göstəricilərinə nail olmuşdur.
2013-cü ilin I rübündə uğurla yerinə yetirilən işlərlə yanaşı görüləsi işlər də çoxdur. Yaxın perspektivdə icra ediləcək planlar Pirallahı rayonunun sayı 19 mini ötən əhalisinin sosial-iqtisadi problemlərinin həllinə xidmət edəcəkdir. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə Çörək Fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Rayonda aparılacaq tikinti işlərinin səmərəliliyini və sürətini artırmaq üçün adanın ərazisində yeni Beton Zavodunun inşası nəzərdə tutulmuş və betonzavod üçün torpaq sahəsi ayrılmışdır. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi, təhsildə yüksək nəticələr əldə etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, idman sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə geniş miqyaslı işlər yerinə yetiriləcəkdir.
Videoçarxın və slaydların nümayişi başa çatdıqdan sonra Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov 2013-cü ilin I rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Hesabat ətrafında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev, “Abşeronneft” NQÇİ-nin şöbə rəisi Məmməd Zeynalov, neft sənayesinin qocaman işçisi, təqaüdçü Səməd Əhmədov, 235 saylı məktəbin direktor müavini Şahin Allahverdiyev, 35 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasının baş həkimi Nəzakət Axundova və başqaları 2013-cü ilin I rübündə Pirallahı rayonunda görülən işləri yüksək qiymətləndirdilər və qənaətbəxş hesab etdilər.