Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 20 Yanvar şəhid ailələri və əlillərlə görüş keçirildi

19 yanvar 2016 | 11:00
   Ötən illərdə olduğu kimi, bu il də 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə baş vermiş qanlı faciənin iyirmi altıncı ildönümü Pirallahı rayonunda geniş qeyd edilir. Bu məqsədlə hələ 2015-ci il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçirilmişdir. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi qəsəbə kitabxanasında, 29 N-li Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət və təhsil ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, video-çarxlar nümayiş olunmuşdur.
   Növbəti tədbir 19 yanvar 2016-cı il tarixdə Pirallahı Rayon Polis Şöbəsində keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyət, rayonun şəhid ailələri, Qarabağ əlilləri, 20 Yanvar faciəsi zamanı xəsarət almış əlillər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbirdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Elman Kazımov bildirdi ki, 1990-cı il 20 yanvar hadisələri - Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunduğu və bütün dünya Azərbaycanlılarını bir araya gətirərək yumruq kimi birləşdirdiyi gündür. E.Kazımov  qeyd etdi ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaq. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaq.
    Tədbirdə çıxış edən Gürgən qəsəbə İƏD-si üzrə nümayəndəsi Həsən Niftəliyev və başqaları azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağını vurğuladılar.
Keçidlər