Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı tədbir keçirildi

20 yanvar 2016 | 11:00
   20 yanvar 2016-cı il tarixində Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksi ziyarət edildi, müstəqilliyimizin əldə olunmasında, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu ehtiramla yad edildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov və Aparatın məsul əməkdaşları, “Milli Qəhrəmanları Tanıtma” İB-nin üzvü Milli Qəhrəman Vahid Quliyev, 20 Yanvar əlilləri, şəhid ailələri, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Saat 11.00-da “Vətən uğrunda” abidə-kompleksinin önünə toplaşan tədbir iştirakçıları Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Tədbir iştirakçılarına müraciət edən Vəzir Səfixanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vəzir Səfixanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədilə “Zərbə” kod adı altında dəhşətli terror aktı törətdiyini vurğuladı.
    20 yanvar hadisələri barədə geniş bəhs edən Vəzir Səfixanov xüsusi vurğuladı ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan ulu öndər Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də onu gözləyən bütün təhlükələrə baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.
    Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında Qara Yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdir.
    Vəzir Səfixanov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması ilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.
    1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında fərmanı yada salan V.Səfixanov bir daha qeyd etdi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.
     Anım tədbirində “Milli Qəhrəmanları Tanıtma” İB-nin üzvü Milli Qəhrəman Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədr müavini Mübariz Xudaverdiyev çıxış edərək  1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladılar. Bildirildi ki, milli azadlıq naminə, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini, mənfur erməni xislətinin iç üzünü bütün dünyaya bir daha nümayiş etdirdi.
      Tədbirin sonunda Pirallahı rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov və fəxri qonaqlar abidə-kompleksin önünə əklil və al qərənfillər düzdülər.
Keçidlər