Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yubiley tədbirləri davam edir

06 may 2013 | 10:00

 

Bakı şəhərinin Pirallahı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirləri davam edir. May ayının 5-də növbəti bayram tədbirləri rayonun Neft Daşları və Çilov qəsəbələrində təşkil edildi. Neft Daşlarında tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin qəsəbənin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət etdilər. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif  İmanov, “Azneft” İB baş direktorunun müavini Hikmət Qurbanov, “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov və digər tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və abidəsi önünə gül dəstələri düzdülər.
“Neft Daşları” NQÇİ-nin akt zalında keçirilən tədbirin rəsmi hissəsini giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif  İmanov açdı. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayan Vasif İmanov Azərbaycanın geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, eləcə də dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin şaxələnmiş şəkildə nəqli bilavasitə ulu öndər Heydər Əliyevin xidmətləri olmasını qeyd etdi.
Bildirildi ki, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin Ulu Öndərin işləyib hazırladığı strategiya əsasında dövləti ləyaqətlə idarə etməsinin nəticəsidir ki, son 9 ildə xalqın həyatı daha firavan olmuş, ölkənin kompleks halında inkişafı daha da sürətlənmişdir. İlk növbədə təbii sərvətlərdən səmərəli istifadə etmək, xarici əlaqələri gücləndirmək, demokratik təsisatları genişləndirmək yolu ilə tərəqqi müəyyən mərhələyə yüksələ bilmişdir. Rövnəq Abdullayevin ARDNŞ prezidenti təyin edilməsindən sonra neft sənayesində tərəqqi əldə edilmiş, neftçilərin sosial-rifah halı, əmək haqları yüksəlmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafının əbədi surətdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov əfsanəvi Neft Daşlarının tarixindən söz açdı, Ümummilli Liderin dəfələrlə Möcüzələr adasında qəhrəman dəniz neftçiləri ilə görüşdüyünü söylədi. Bildirildi ki, 2009-cu il noyabrın 9-da Neft Daşlarının 60 illik yubiley tədbirlərində Prezident İlham Əliyevin iştirak etməsi dəniz neftçilərində böyük ruh yüksəkliyi doğurmuş, onları daha yüksək nailiyyətlər əldə etməyə ruhlandırmışdır.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyev adına muzeydə olmuş, Ümummilli Liderin 90 illiyinə həsr edilmiş “Neft Daşları” NQÇİ-nin sexləri arasında mini-futbol turnirinin final oyununu seyr etmişlər. Yubiley tədbirinə Çay evi qarşısındakı parkda musiqili-mədəni proqramla yekun vurulmuşdur.
Çilov adasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram tədbirlərinə “28 May” NQÇİ-nin inzibati binasında start verildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev və digər tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin idarənin inzibati binasında ucaldılmış büstü önünə tər qızıl gül dəstələri düzdülər. Yubiley tədbirini giriş sözü ilə açıq elan edən Rövşən Qarayev  Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi. O, 1993-cü ilin iyununda müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ümummilli liderimizin rəhbərliyi ilə iqtisadiyyatda, o cümlədən neft sənayesində qısa müddətdə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, yeni neft strategiyasının reallaşması ilə ölkəmizdə sabitliyin bərpa edildiyini, həyatın bütün sahələrində sürətli inkişafa nail olunduğunu vurğuladı. Natiq bütün varlığı ilə Vətəninə bağlı olan müdrik dövlət xadimi Heydər Əliyevin xalqımıza zəngin bir irs qoyub getdiyini xatırlatmış, bu qəbildən olan tədbirlərin Azərbaycan dövlətçiliyinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasətinə olan sonsuz hörmət və ehtiramın ifadəsi olduğunu qeyd etmişdir.
Yığıncaqda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərdən söz açdı. Bildirildi ki, ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən, Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Digər bir tərəfdən Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, ümummilli liderin layiqli davamçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır.
Daha sonra tədbir Çilovdakı İdman Kompleksində “Gül Bayramı” ilə davam etdirildi. Yubiley tədbirinin iştirakçıları Milli qəhrəman Rasim İbrahimov adına 131 saylı orta məktəbin və Çilov adası uşaq bağçasının yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış oldular. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları xüsusilə diqqəti cəlb edirdi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev və digər tədbir iştirakçıları milli paltarda və ağ gül formalı geyimdə olan qızların ifa etdiyi “Yallı” və digər milli rəqsləri alqışlarla qarşıladılar. Yubiley tədbirlərinə Mənzil Kommunal Təsərrüfatı idarəsinin və “28 May” NQÇİ Quyuların əsaslı və yeraltı təmiri sexinin mini-futbol komandaları arasında yoldaşlıq matçı ilə yekun vuruldu.

Keçidlər