Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə İƏD-si üzrə nümayəndəliyinin sosial-iqtisadi inkişafı yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi

26 yanvar 2016 | 11:00
     2016-cı il yanvarın 26-da  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi. Hesabat yığıncağında Pirallahı rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının üzvləri, Pirallahı Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
     Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşid Abbasov bildirdi ki, Dövlət Proqramına əsasən reallaşan 168 №-li tam orta məktəbdə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşaraq sentyabrın 15-də şagirdlərin istifadəsinə verilmişdir. Ərazidə abadlıq işləri aparılıb, qazon örtüyü salınıb, onlarla  müxtəlif dekorativ ağac və gül kolları əkilmişdir.
      Pirallahı qəsəbəsində Dövlət Proqramına uyğun olaraq adanın enerji dayanıqlığını təmin etmək üçün alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının quraşdırılma  prosesi aparılır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılmış və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulmuşdur. Yeni avadanlıqların quraşdırılması məqsədilə Agentliyə əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq  Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmış, hal-hazırda binanın daxilində avadanlıqların quraşdırılması işləri görülür. Kombinatda 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Pirallahı rayonunda əhali və qeyri-əhali qrupunun mavi yanacaqla fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə qaz təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Pirallahı qəsəbəsində qaz təchizatının və qəsəbənin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə köhnə qaz xətləri ləğv olunaraq, təzə yeraltı borularla əvəz edilmişdir. S.Vurğun küçəsində “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası tikilib istismara verilmişdir. Rayonun  Baş planına əsasən Pirallahı qəsəbəsinin girişində mövcud olan neft çənlərinin, neftin nəqli üçün istifadə olunan kəmərlərin ləğvi işlərinin həyata keçirilməsi məqsədilə görülən işlər davam etdirilməkdədir. Artıq Səməd Vurğun küçəsində yerləşən köhnə nəql boruları ləğv olunub. Layihə üzrə Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi məqsədilə kommunikasiya xətləri ərazidən çıxarılmışdır. Burada  ümumi tutumu 300 min tonluq 24 çən quraşdırılıb və  köçürülmə üçün hazırlıq işləri gedir.  Ərazidə ikimərtəbəli inzibati bina və keçid məntəqəsi tikilib, suvaq və elektrik işləri aparılır. Eyni zamanda perimetr boyu hasarlama işlərinə başlanıb və ərazidə planlama işləri gedir. Obyektdə inşaat işləri davam etdirilir. Fioletov, S.Vurğun küçələrində və mərkəzi yolun kənarlarında abadlıq işləri sürətlə davam edir. Burada antisanitar vəziyyətdə olan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar ləğv edilərək yeni müasir görünüşlü hasarlar çəkilir. Qəsəbə üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Qəsəbə mərkəzində magistral yol boyunca əsaslı təmir olunan 23 hündürmərtəbəli yaşayış binası, 10-larla birmərtəbəli yaşayış evləri və 20-yə yaxın qeyri-yaşayış obyektlərində işlər tamamlanıb. 3 hündürmərtəbəli yaşayış binasında təmir işləri davam edir.  Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil İstismar Sahəsinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı”nda inşaat işlərinə start verilmişdir. Ərazi hasara alınmış, ərazidən keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, 35 min KV-luq yerüstü ötürücü xətlərin yeraltı kabel xətləri ilə əvəzlənməsi işləri yerinə yetirilmiş, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun tikintisi başa çatdırılmış, ərazi abadlaşdırılmışdır. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Pirallahı adasının cənub hissəsində təxminən 5 ha ərazidə sahilbərkitmə işləri həyata keçirilmişdir. Qəsəbə sakinlərinə rabitə xidməti göstərən EATS-57-nin və 77 saylı Poçtun binası təmir edilmişdir. 2015-ci il yanvar ayının 14-də Pirallahı rayonunda ilk inzibati binanın, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir. Dövlət Proqramına əsasən inşa edilən  körpünün tikintisində son tamamlama işləri aparılır,  dəmir-beton konstruksiya işləri artıq 100 faiz yerinə yetirilmişdir. Körpünün 600 m yanaşma yollarının tikintisinə və sahilbərkitmə işlərinə başlanılıb. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası davam edir. Hal-hazırda inzibati binada mühəndis kommunikasiya xətləri çəkilir. Yaxınlıqda inşa edilən Heydər Əliyev Mərkəzinin binasında işlər davam etdirilir. Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın birinci mərtəbəsinin inşası davam edir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmış, ərazi inşaat hasarına alınmışdır. 2015-ci il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
      Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdi. V.Səfixanov bildirdi ki, Azərbaycan 2015-ci ildə mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Ölkəmizin həyatında tarixi hadisə - ilk Avropa Oyunları yay Olimpiya oyunları səviyyəsində keçirilmişdir. Əhalinin sayı 114 min nəfər artıb. Ümumi daxili məhsul 1% çox, sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi 8,4% artmışdır. 2015-ci ildə parlament seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə keçirilmişdir. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. RİH tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, rayonda yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa ediləcəkdir.
      “Azərsu” ASC Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov, 168 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Kəmalə Mustafayeva öz çıxışlarında hesabata münasibət bildirdilər. Sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı  qəsəbəsindəki nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq,  qənaətbəxş hesab olundu.
Keçidlər