Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram tədbirləri keçirilmişdir

10 may 2013 | 10:00

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılmasından sonra Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. Qəsəbənin giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri görülmüşdür. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən asma körpünün tikintisi davam edir. Binaların həyətindən, yol kənarlarından dəmir köşklər götürülmüş, zəbt olunmuş, çəpərlənmiş ərazilərin boşaldılması və təmizlənməsi, antisanitariyanın aradan qaldırılması işləri davam edir. Qəsəbəyə gələn əsas magistral yolda cari asfalt döşəmə təmir işləri aparılmış, yolun ayırıcı xətləri yenilənmiş, piyada keçidləri müəyyən edilmiş, bardyurlar təmir edilib rənglənmiş, yeni müasir dayanacaqlar və zibil konteynerləri quraşdırılmışdır. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi təmir olunmuş, “Gənclər parkı” tam abad vəziyyətə gətirilmiş, “Uşaq parkı”nda təmir işlərinə start verilmişdir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun tikintisi sürətlə davam edir. Çilov adasında yerləşən xəstəxananın ərazisi abadlaşdırılmış, 20 ədəd çarpayı və yataq dəstləri ilə təmin edilmişdir. 10 saylı BŞX-nın əsaslı təmiri davam edir.      
Qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizsiyası aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikinti işləri dayandırılmışdır. Rayon mərkəzi olaraq Pirallahı qəsəbəsinin gələcək inkişaf perspektivinin kompleks şəkildə və planauyğun həyata keçirilməsi məqsədilə ilkin olaraq qəsəbənin baş planının hazırlanması istiqamətində lazımi tədbirlər görülməkdədir. Əlaqədar orqanlarla birlikdə qəsəbənin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilmiş, ictimai mərkəzdə tikiləcək Rayon İcra Hakimiyyətinin inzibati binasının və Heydər Əliyev Mərkəzi binasının layihəsi sifariş olunmuş, rayon prokurorluğunun, Daxili İşlər Nazirliyi Pirallahı rayon polis şöbəsinin, payon məhkəməsinin, Milli Təhlükəsizlik Nazirliyi Pirallahı rayon şöbəsinin və digər rayon strukturlarının inzibati binalarının tikiləcəyi sahələr muəyyənləşdirilmiş, inşa ediləcək idarə binalarının təcili tikintisi üçün lazımi tədbirlər görülməsi məqsədilə əlaqədar nazirlik və baş idarələr qarşısında məsələ qaldırılmışdır. İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşən və çirkab mənbəyi olan 4 ədəd gölün suyu güclü nasoslar vasitəsi ilə çəkilərək göllər qurudulmuşdur.
Qeyri-qanuni tikilmiş, arxitektura baxımından zövqsüz olan, rayonun baş planına uyğun olaraq şökülməsi nəzərdə tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi üçün 2 ədəd 9 mərtəbəli binanın təcili tikintisi üçün sahə ayrılmış, işçi layihə hazırlanaraq yaxın vaxtda tikinti işlərinə başlanılacaqdır. Helikopter meydançasının yanında, yolun hər iki tərəfində tikilmiş qüllələrin ətrafında bardyur daşları qoyularaq qüllələrin ətrafına qazon döşənmiş, bəzək ağacları və gül kolları əkilərək ərazi abadlaşdırılmış, qüllənin giriş və arxa hissəsinə Ulu Öndər Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin böyük həcmli portretləri asılmışdır. “Gənclər parkı”nın qarşı tərəfindəki 5 mərtəbəli binaların fasadlarına Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük həcmli plakat-portretləri vurulmuş, Neft Daşlarını, Azəri-Çıraq-Günəşli özüllərini, eləcə də Gül kompozisiyalarını əks etdirən plakatlar asılmışdır.
Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Ərazinin su və kanalizasiya sistemi problemlərinin kompleks həllinə başlanılmış, daxili xətlərin yenidən qurulması təcili olaraq layihələndirilərək məhəllələrdə işin icrasına start verilmişdir. Zirədə tikilmiş iri həcmli su anbarlarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. Qəsəbənin iri yaşayış məhəllələrinin həyətlərində heç bir tikinti və şəhərsalma normalarına riayət edilmədən qanunsuz tikilmiş qarajlar, mağazalar və ticarət köşklərinin xeyli hissəsi sökülərək həyətrlərdən təmizlənmiş, bu həyətlərin abadlaşdırılması işlərinə başlanmışdır. K.Rzayev və S.Bağırov küçələrindəki, 28-ci, 29-cu və 40-cı məhəllələrdə inşa olunmuş “xeyir-şər” evlərinin təmir olunaraq qaydaya salınması işlərinə başlanmış, tikintisi yarımçıq qalmış bu kimi obyektlərin tikintisi davam etdirilir. Qəsəbədə yeni məscid tikintisi üçün layihə sifariş olunmuşdur.
2013-cü ilin ilk dörd ayında uğurla yerinə yetirilən işlərlə yanaşı görüləsi işlər də çoxdur. Yaxın perspektivdə icra ediləcək planlar Pirallahı rayonunun sayı 19 mini ötən əhalisinin sosial-iqtisadi problemlərinin həllinə xidmət edəcəkdir. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə Çörək Fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Rayonda aparılacaq tikinti işlərinin səmərəliliyini və sürətini artırmaq üçün adanın ərazisində yeni Beton Zavodunun inşası nəzərdə tutulmuş və betonzavod üçün torpaq sahəsi ayrılmışdır. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi, təhsildə yüksək nəticələr əldə etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, idman sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə geniş miqyaslı işlər yerinə yetiriləcəkdir.
Bir müddətdir Bakı şəhərinin Pirallahı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirləri davam edir. Artıq təhsil və istehsalat müəssisələrində tədbirlər uğurla yekunlaşıb. Hər həftənin şənbə günləri iməciliklər keçirilib, yüzlərlə ağac və təbii güllər əkilib. May ayının 5-də növbəti bayram tədbirləri rayonun Neft Daşları və Çilov qəsəbələrində təşkil edilmişdi. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük vətən müharibəsi veteranları və aztəminatlı ailələrdən olan insanlar  da bu günlər qayğı ilə əhatə olunmuş, 70-dək ailəyə bayram sovqatı təqdim edilmişdir.
Mayın 9-da müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Pirallahı rayonunda Konfrans və Gül Bayramı keçirildi. Saat 14.00-da Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində öz işinə başlayan Konfransı giriş sözü ilə açıq elan edən Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Ulu öndərin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Müstəqil Azərbaycanda demokratik dövlət quruculuğunun birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən İcra Başçısı Azərbaycanın geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlaması və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, eləcə də dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin şaxələnmiş şəkildə nəqlinin bilavasitə ulu öndər Heydər Əliyevin xidmətləri olmasını vurğuladı.
Konfransda çıxış edən millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər natiqlər Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafının ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd etdilər. Orta məktəb şagirdlərinin ifasında Ulu öndərə həsr olunmuş şeir və musiqi kompozisiyasından sonra Konfrans iştirakçılarına Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.
Daha sonra tədbir “Gənclər Parkı”nda Gül Bayramı ilə davam etdirildi. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısını və fəxri qonaqları “Gənclər Parkı”nın girişində əyinlərində rəngli kağızlardan gül formasında xüsusi geyimli məktəbli uşaqlar qarşıladılar. Sonra Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı və fəxri qonaqlar idmançıların nümunəvi çıxışlarına tamaşa etdilər. Burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi və fotoşəkillərdən ibarət fotosərgi nümayiş olunurdu. Parkda gəzinti ümumtəhsil müəssisələrinin təşkil etdiyi sərgilərə baxışla davam etdi. Yubiley tədbirinin iştirakçıları orta məktəblərin, uşaq bağçalarının, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin və 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış oldular. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları xüsusilə diqqəti cəlb edirdi. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı və fəxri qonaqlar “Gənclər Parkı”nin mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa etdilər. Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırıldıqdan sonra Gül Bayramı tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər