Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “diaspor dərsi” keçirildi

18 fevral 2016 | 11:00
   “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində  növbəti dərs Pirallahı  rayonunun 235 nömrəli  tam orta məktəbində keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq, Azərbaycanda diaspor quruculuğunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət, birliklərinin fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı göstərdiyi xidmətlər barədə geniş məlumat verdi. Qeyd edildi ki, Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
   Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov Azərbaycan həqiqətlərinin dünyada yayılmasında diasporumuzun əhəmiyyətli rol oynadığını deyib: “Xaricdə yaşayan azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır”.
   Tədbirdə iştirak edən  Diaspor Jurnalistləri Birliyinin nümayəndələri dövlətin diaspor siyasəti, bu istiqamətdə görülən işlər, diasporumuzun qarşısında duran vəzifələr haqqında danışıblar.
   Qeyd edək ki, “Diaspor dərsi” diskussiya şəraitində keçdi və məktəbliləri maraqlandıran suallara ətraflı cavab verildi.
Keçidlər