Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirildi

25 fevral 2016 | 11:00
     “Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 03 fevral 2016-cı il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri təşkil edilmiş, ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. Pirallahı qəsəbəsində yerləşən “Vətən uğrunda” abidə-kompleksin  önünə əklil qoyulmuş, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən abidə-kompleks ziyarət edilmişdir.
     25 fevral 2015-ci il tarixdə “Xocalıya ədalət” başlığı altında 168 №-li tam orta məktəbin akt zalında təşkil olunan ümumrayon tədbirində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri,  Milli Qəhrəmanlar Bəxtiyar Allahverdiyev və İntiqam Atakişiyev, rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri, RİH Aparatının və Dövlətqaçqınkomun Pirallahı sektorunun məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və müəssisələrin, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı  və  Gürgən qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər.  Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımına həsr edilən sərgi və foto-stendlə tanış oldular, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin soyqırımla bağlı pannolarından və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən əl işlərindən ibarət rəsm sərgisini böyük maraqla izlədilər.
      Tədbir 24 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlil Mirzəyev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Ermənistan müharibə qaydalarına zidd olaraq, Cenevrə konvensiyasının protokollarını pozaraq, dinc sakinlərə qarşı həyata keçirdiyi soyqırım zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq və 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. 
      Bildirilmişdir ki,  bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.
    Milli Qəhrəman İntiqam Atakişiyev, Xocalı faciəsinin canlı şahidi Həcər Ramazanova və digər çıxış edən tədbir iştirakçıları bu tarixin hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin tərkib hissəsi kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini vurğuladılar.
   Pirallahı rayonunun orta məktəb şagirdlərinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Keçidlər