Pirallahı rayonunda geniş quruculuq və abadlıq işləri davam edir
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması ilə əlaqədar son iki ayada Pirallahıda geniş abadlıq və quruculuq işlərinə başlanmışdır. Qəsəbənin giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri görülmüşdür. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən asma körpünün tikintisi sürətlə davam edir. Binaların həyətindən, yol kənarlarından dəmir köşklər götürülmüş, zəbt olunmuş, çəpərlənmiş ərazilərin boşaldılması və təmizlənməsi, antisanitariyanın aradan qaldırılması işləri əvvəlki templə davam edir.
Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Ərazinin su və kanalizasiya sistemi problemlərinin kompleks həllinə başlanılmış, daxili xətlərin yenidən qurulması təcili olaraq layihələndirilərək məhəllələrdə işin icrasına start verilmişdir. Zirədə tikilmiş iri həcmli su anbarlarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. Qəsəbənin iri yaşayış məhəllələrinin həyətlərində heç bir tikinti və şəhərsalma normalarına riayət edilmədən qanunsuz tikilmiş qarajlar, mağazalar və ticarət köşklərinin xeyli hissəsi sökülərək həyətrlərdən təmizlənmiş, bu həyətlərin abadlaşdırılması işlərinə başlanmışdır. K.Rzayev və S.Bağırov küçələrindəki, 28-ci, 29-cu və 40-cı məhəllələrdə inşa olunmuş “xeyir-şər” evlərinin təmir olunaraq qaydaya salınması işlərinə başlanmış, tikintisi yarımçıq qalmış obyektlərdə inşaat işləri davam etdirilir. Qəsəbədə yeni məscid tikintisi məqsədilə layihə üzərində iş davam edir.
Rayonda Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirləri keçirilmişdir. Tədbirlər təhsil və istehsalat müəssisələrində, Neft Daşları və Çilov qəsəbələrində yuksək səviyyədə təşkil edilmişdi. Hər həftənin şənbə günləri iməciliklər keçirilmiş, yüzlərlə ağac və təbii güllər əkilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük vətən müharibəsi veteranları və aztəminatlı 70-dək ailəyə bayram sovqatı təqdim edilmişdir.
Mayın 9-da müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Pirallahı rayonunda Konfrans və Gül Bayramı keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış etmişlər. “Gənclər Parkı”nda Gül Bayramı Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması və tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etmişdir.
Son günlər görülən işlərə əlavə olaraq rayonun Mənzil Kommunal Təsərrüfatı Birliyi yaradılmış və fəaliyyətə başlamışdır. “Təmir Tikinti” VİP MMC tərəfindən 28-ci məhəllədə binalara gedən su xətləri yenisi ilə əvəz olunur. 29-cu məhəllədə magistral yolun kənarında müasir tipli şüşə konstruksiyalı dayanacaq qoyulmuşdur. Qəsəbənin əsas küçəsində yerləşən bütün dayanacaqlar abadlaşdırılmış, bardyurlar bərpa edilərək rənglənmişdir. Qəsəbə ərazisində əhali üçün təhlükə mənbəyi olan sahibsiz itlərin çoxalmasının qarşısının alınması məqsədilə “Sahibsiz itlərlə mübarizə” idarəsindən rayona ovçular dəvət olunmuş və 78 sahibsiz it zərərsizləşdirilmişdir. Əzizbəyov küçəsində yeni tipli zibil meydançası tikilmiş və müasir konteynerlər qoyulmuşdur. Bakı şəhər baytarlıq idarəsindən rayona nümayəndələr dəvət olunmuş, ev heyvanlarından qan nümunələri götürülmüş, heyvanlar peyvənd edilmişdir. Kəsim məntəqələrinə nəzarət gücləndirilmişdir.
2013-cü ilin ilk dörd ayında uğurla yerinə yetirilən işlərlə yanaşı görüləsi işlər də çoxdur. Yaxın perspektivdə icra ediləcək planlar Pirallahı rayonunun sayı 19 mini ötən əhalisinin sosial-iqtisadi problemlərinin həllinə xidmət edəcəkdir. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə Çörək Fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi, təhsildə yüksək nəticələr əldə etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, idman sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə geniş miqyaslı işlər yerinə yetiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 2.11-ci maddəsinə uyğun olaraq Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 03.05.2013-ci il tarixli 04 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı yanında Şura yaradılmış və iş planı təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Şuranın iclaslarında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir.Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər. Hazırda Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın tərkibi 5 nəfərdən ibarətdir. Rayonda yeni yaradılacaq idarə, müəssisə və təşkilatların fəaliyyətə başlaması ilə şura üzvlərinin say tərkibi də artacaq.
Yaxın günlərdə təsdiq oluması gözlənilən Pirallahı rayonunun baş planı yeni yaradılan rayonun perspektiv inkişafı konsepsiyası özündə əks etdirir. Rayonun mərkəzi olan Pirallahı gələcəyin şəhəri kimi formalaşacaq və dünyanın ən müasir kurort şəhərlərindən birinə çevriləcək. Qeyd edək ki, baş plana uyğun olaraq, rayonda inzibati mərkəz üçün ərazi ayrılıb və ilk növbədə həmin ərazidə dövlət inzibati idarəetmə orqanları üçün inzibati binaların inşasına başlanacaq. Pirallahıda mövcud parkın ərazisi dəniz istiqamətində genişləndirilərək, sahil boyu park-bulvar salınacaq.
Pirallahı qəsəbəsində 4 yerdə-28 və 40-cı məhəllə adlanan ərazilərdə, o cümlədən Kamil Rzayev və Süleyman Bağırov küçələrində yaxın vaxtlarda “Azəristilik” ASC tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş yeni qazanxanaların qurulmasına başlanılacaq.