Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Uşaq əyləncə parkı”nın tikintisinə başlanmışdır

26 may 2013 | 10:00
  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli 519-İVQ №-li Qanunla Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonu yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına və 2011-2013-cü illər «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. May ayı ərzində rayonun Pirallahı qəsəbəsinin 3 məhəlləsinin su xətləri yenidən çəkilmiş, həyətlərdə olan qeyri-qanuni tikilmiş xeyli sayda qarajlar, ticarət köşkləri sökülərək ərazi abadlaşdırılmış, məhəllə daxili plansız çəkilmiş paylayıcı qaz kəmərləri sökülərək binaların fasadlarına xələl gətirmədən səliqəli şəkildə yenidən çəkilmişdir. Dörd məhəllədə inşa edilmiş “Xeyir-şər” evlərində əsaslı təmir, yenidənqurma və bərpa işləri davam etdirilmişdir. Pirallahının magistral yolunda yerləşən bir-neçə avtobus dayanacağı təmir olunaraq abad vəziyyətə gətirilmiş, iki yerdə isə müasir tipli yeni dayanacaq inşa edilmişdir. Magistral xəttin kənarlarında qırmızı xətti pozaraq tikilmiş obyektlərin söküntüsü işləri ay ərzində davam etdirilmişdir. “Abşeronneft” NQÇİ-yə xidmət göstərən ağır tonnajlı yük maşınlarının Pirallahı qəsəbəsinin mərkəzi küçəsi ilə hərəkətini məhdudlaşdırmaq məqsədilə magistral küçəyə alternativ olaraq yeni yolun çəkilişinə başlanmışdır. Rayonun inzibati mərkəzinin tikintisi üçün baş plan işlənmiş, həmin plana uyğun olaraq əlaqədar dövlət orqanlarına torpaq sahələri ayrılmış, həmin ərazidə olan qeyri-qanuni sahələrin hasarlarının söküntüsünə başlanmışdır. Kiçik və məktəb yaşlı uşaqların asudə vaxtının və istirahətinin səmərəli təşkili üçün qəsəbənin mərkəzi hissəsində Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin yaxından köməyi ilə “Uşaq əyləncə parkı”nın layihəsi hazırlanmış və tikintisinə başlanmışdır. Qəsəbənin ərazisi ilə çəkilmiş mövcud su, qaz və neft kəmərlərinin estetik görkəminin yenilənməsi məqsədilə rənglənmə işlərinə start verilmişdir. Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidə təmir olunmuş, magistral yolun kənarlarındakı bordyurların rənglənməsi başa çatdırılmışdır. Pirallahı qəsəbəsinin Fioletov küçəsində və 40-cı məhəllə “Yeni sahə 1” ünvanında 2 ədəd müasir tipli zibil meydançası quraşdırılmışdır. Eyni zamanda Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən, uzunluğu 710, eni 14 metr olan, asma körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilişi davam edir.
  Pirallahı adasının şimal qurtaracağında “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisinə aprel ayından başlanıb. Ümumi uzunluğu 710 metr olan liman üç qoldan - iki yük (290 və 260 metr) və bir sərnişin körpüsündən (160 metr) ibarət olacaqdır. “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yolunun torpaq işləri başa çatdırılıb, ərazidə torpaq səthinin hamarlanması və səviyyəsinin qaldırılması işləri görülür.
  Pirallahı rayonunda sənaye sahəsi üzrə də müəyyən nailiyyətlər əldə edilmişdir. “28 May” NQÇİ 2013-cü ilin yanvar-aprel ayları ərzində neft hasilatı üzrə 1 mln 626 min 715 ton plana qarşı 1 mln 635 min 1854 ton neft hasil edərək tapşırığı 100,5% yerinə yetirmişdir. Orta gündəlik hasilat 13 556 ton plana qarşı 13 627 ton olmuş, proqnoza 100,9% əməl edilmişdir. Dövlətə 1 mln 632 min 929 ton “qara qızıl” təhvil verən dəniz neftçiləri tapşırığın öhdəsindən 100,7% gəlmişlər. Qaz hasilatı üzrə 1 mlrd 897 mln 440 min m3 plana qarşı yerin təkindən faktiki 1 mlrd 939 mln 953 min m3 “mavi yanacaq” hasil edilmiş və plana 102,2% əməl olunmuşdur. “Neft Daşları” NQÇİ üzrə 301 min 175 ton neft hasil olunmuş, tapşırığa 99,4% əməl edilmişdir. Neft təhvili planı da 99,4% yerinə yetirilmişdir – 298 min 371 ton.  Qaz hasilatı üzrə faktiki 21 mln 860 min m3 qaz hasil edilmiş və plana 100% əməl olunmuşdur. “Abşeronneft” NQÇİ üzrə 2013-cü ilin 4 ayında nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 69 050 ton əvəzinə 74 876 ton, yəni 108,4% yerinə yetirilmişdir, 5 823 ton artıma nail olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı  6 102 ton, yəni 8,9% artmışdır. Neft  təhvili üzrə tapşırıq 67 822 ton əvəzinə 73 805,2 ton, yəni 108,8% yerinə yetirilmişdir və plandan əlavə 5 983,2 ton neft təhvil verilmişdir. Keçən il ilə müqayisədə neft təhvili 5 079 ton, yəni 7,4 % artmışdır. Qaz hasilatı planı 101,1% yerinə yetirilmişdir (plan – 14 mln 610 min m3, fakt – 14 mln 772 min m3) və plandan əlavə 162 min m3 artıq qaz hasil edilmişdir. Qaz təhvili planı 101,8% yerinə yetirilmişdir (plan –  9 mln 130 min m3, fakt – 9 mln 293,5 min m3) və plandan əlavə 163,5 min m3 qaz təhvil verilmişdir. Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin fəaliyyətinin əsas göstəricisi olan gəmi-saat planı 101,3%, gəmi gəlirləri planı isə 105,5% yerinə yetirilmiş, o cümlədən idarənin balansında olan gəmilərin təmir planına 106% əməl edilmişdir.
  Pirallahı qəsəbəsində yeni məscid tikintisi üçün sifariş olunmuş layihə üzərində iş gedir. Pirallahı qəsəbə məscidi dini icmasının dövlət qeydiyyatından keçməsi ilə əlaqədar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət olunmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Çilov adası, Neft Daşları və Pirallahı qəsəbələrində keçirilən “Gül Bayramı” tədbirləri telekanallarda, elektron və yazılı mətbuatda işıqlandırılmışdır. 31 Mart – Azərbaycanlıların Soyqırımı günü və 28 May – Respublika günü ilə əlaqədar tədbirlər keçirilmişdir. BMT tərəfindən təsdiq edilmiş 15 May – Ailə günü ilə əlaqədar rayonda tədbirlər keçirilmiş, bir ailə Şəkidə təşkil edilmiş və Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan ümumrespublika tədbirində Pirallahı rayonunu təmsil etmiş, Diplomla mükafatlandırılmışdır. İmkansız ailələr qeydiyyata alınmış və 70 ailəyə “Gül Bayramı” ərəfəsində iki zənbil həcmində yardımlar təqdim edilmişdir. Rayonda təhsilin səviyyəsinin qaldırılması məsələsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə orta məktəblərə diqqət və qayğı artırılmışdır. Bunun nəticəsi olaraq XI sinif şagirdlərinin sınaq imtahanlarında göstərdikləri nəticələr dərs ilinin 1-ci yarısı ilə müqayisədə artmışdır. Orta məktəblərdə orta və yuxarı sinif şagirdləri ilə spirtli içkilər və narkomaniya əleyhinə maarifləndirici söhbətlər aparılmışdır. Uşaq bağçaları və körpələr evlərinə də xüsusi diqqət göstərilir. Belə ki, Novruz bayramı ərəfəsində bütün bağça və körpələr evi, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə ümumilikdə 1300 ədəd bayram hədiyyəsi paylanmışdır. Rayon ərazisində 854 nəfərdən ibarət 224 qaçqın və məcburi köçkün ailəsi qeydiyyata alınmış, onların yaşayış səviyyələrinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Rayon əhalisi arasında işsizliyi aradan qaldırmaq məqsədilə işə ehtiyacı olan rayon sakinlərinin bir qismi rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrdə daimi işlə təmin olunmuşdur. Xeyir-şər məclislərində israfçılığa yol verilməməsi məqsədilə rayon ağsaqqalları və dini icmanın üzvləri ilə görüşlər keçirilmiş və lazımi tövsiyələr verilmişdir. Rayon ərazisində “Xeyir-şər” evlərinin bərpası və əsaslı təmirinə başlanmışdır. 2 uşaq bağçasının sökülərək yenidən tikilməsi, 1 bağçanın və 168 saylı tam orta məktəbin yeni tədris korpusu tikilməklə əsaslı təmiri planlaşdırılmışdır. Bundan əlavə yeni körpələr evinin tikintisi nəzərdə tutulmuşdur. Çilov adasında Mədəniyyət evi qəzalı vəziyyətdə olduğundan sökülərək yenidən tikilir.
 10 aprel 2013-cü il tarixdən başlayaraq Rayon İcra Hakimiyyəti başçısı tərəfindən hər həftə keçirilən qəbullarda 138 nəfər sakin iştirak etmişdir. 670 nəfərdən çox sakinin iştirakı ilə 9 səyyar qəbul keçirilmişdir. Müraciətlər qanunsuz inşa edilmiş tikililərlə, mənzil-məişət, maddi yardım və digər məsələlərlə əlaqədar olmuşdur. RİH Aparatına 475 nəfər işlə təmin olunmaq üçün müraciət etmişdir. Onlardan 49 nəfəri rayonun idarə, müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur. İşlə təmin olunmaq barədə müraciət edənlərin elektron bazası yaradılmış və rayon ərazisində yeni iş yerləri açıldıqca onlar yeni yaradılan qurumlarda işlə təmin ediləcəklər.
  Pirallahı rayonunda son aylar ərzində bir-birinin ardınca Novruz-2013 bayramı, 31 Mart – Azərbaycanlıların Soyqırımı günü, Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Konfrans və “Gül Bayramı” tədbirləri yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlərin təşkilində və uğurla həyata keçirilməsində Pirallahının orta məktəblərinin də böyük rolu olmuşdur. Pirallahı Rayon İcra Hakimiyyəti Aparatı tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirmiş məktəblilərin mükafatlandırılması barədə qərar qəbul etmişdir. Qərara əsasən Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirak etdiklərinə görə 168 saylı orta məktəbin 19 nəfər 2a sinfinin və 17 nəfər yuxarı sinif şagirdləri hədiyyələrlə təltif edilmişlər. Təltifetmə mərasimi 168 saylı orta məktəbdə keçirildi. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Ulu öndər Heydər Əliyevin xalqımızın azadlığı və tərəqqisi naminə gördüyü işlərdən danışdı, ümummilli liderin uşaqları çox sevdiyini qeyd etdi və şagirdləri qazandıqları uğur münasibətilə təbrik etdi. Vəzir Səfixanov, eləcə də Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşlar İlqar Məmmədli və İlqam Əskərov mükafatları şagirdlərə təqdim etdilər. Eyni zamanda qeyd edildi ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş Konfrans və “Gül Bayramı” tədbirlərinin yüksək səviyyədə təşkilində fəallıq göstərmiş 235, 168, 186 və 243 saylı orta  məktəblərin 10 müəllimi də Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar. 
Keçidlər