İlham Əliyev: Biz böyük hərbi qələbəni qazandıq!
05 aprel 2016 | 11:00
Pirallahı rayonunda qüdrətli Azərbaycan ordusuna dəstək tədbiri keçirildi
Bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda baş tutmuş IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, ABŞ dövlət katibinin müavini Tomas Şennon və Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşdü, Ağ Evdə Prezident Barak Obama ilə söhbət etdi. Bu görüşlər və söhbətlər zamanı ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyi, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığı bir daha qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına bu uğurlu səfəri Azərbaycan-Qərb münasibətlərində durğunluq dönəmini qapatdı və qarşılıqlı əlaqələrdə yeni səhifə açdı. Vaşinqton görüşləri bir daha Qərb dünyasında Azərbaycana verilən önəmin nümayişi oldu. Bunu çox gözəl anlayan mənfur erməni işğalçıları aprel ayının 1-i gecədən başlayaraq Qarabağ bölgəsində, qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atmış, atəşkəs haqqında razılaşmanı xaincəsinə pozaraq Azərbaycan ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçmişlər. Bununla əlaqədar aprelin 2-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Dövlətimizin başçısı, Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "...bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm."
Aprel ayının 5-də Pirallahı rayonunda keçirilmiş Azərbaycan Prezidentinin yürütdüyü qalibiyyətli siyasətə, qüdrətli Azərbaycan ordusuna "Şəhidlər ölməz, Vətən bölünməz! Hər şey Vətən üçün!" başlıqlı dəstək tədbirində bu faktlar bir daha vurğulandı. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd etdi ki, Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən orduları ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ulu Öndərin titanik səyləri ilə bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə büdcəsindən daha çoxdur. Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək, ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu... İki günlük döyüşlərdə düşmən iki yüzdən çox canlı qüvvə, onlarla hərbi texnika, bir çox strateji mövqeləri itirmişdir. Məhv edilənlər siyahısında mühüm hərbi qərargah, bir neçə general və polkovnik vardır. 600-dən çox yaralı hələ də İrəvanın hospitallarına daşınmaqdadır. Əgər bir gün əvvəl Ermənistanın xarici işlər naziri Azərbaycanın tutduğu mövqelərdən geri çəkilməsi şərtilə barış təklif edirdisə, bu gün artıq Ermənistan prezidenti Sarkisyan geri addım atmışdır, bəyanat verərək işğalçı ölkənin hərbi əməliyyatların dayandırılmasını istədiyini dilə gətirmişdir. "Ermənistan Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır", - deyə Sarkisyan bildirmişdir.
Prezident İlham Əliyev deyir: "Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır."
Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb... Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!
Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün – aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır, - deyən Prezident İlham Əliyev çıxışına yekun vurmuşdur.
Təhlükəsizlik Şurasının iclasında çıxış edən müdafiə naziri Zakir Həsənov vurğulamışdır ki, "Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıbdır, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir. Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb. Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunmuşdur ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin. Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirmişdir. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilmişdir. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi."
Təhlükəsizlik Şurasının iclasına yekun vuran Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir: "Bir daha demək istəyirəm ki, bu gün – aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm." Lakin çox təəssüf ki, azğın erməni işğalçılarının silahlı təxribatı nəticəsində itkilərimiz də vardır. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar, müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Vətən uğrunda bir an belə tərəddüd etmədən canını fəda etmiş igidlərdən söz açan millət vəkili Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "N" saylı hərbi hissənin komandiri Elçin Kərəmov, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədov, şəhid Sarvan Mehralıyevin sinif yoldaşı Murad Xəlilov, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov onların keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan danışdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğuladılar, ölkəmizdəki uğurlu ordu quruculuğundan, Azərbaycana bugünkü beynəlxalq dəstəkdən danışdılar. Bildirildi ki, Cavanşir, Babək, Koroğlu nəslindən olan igidlərimizin, qəhrəman əsgərimizin döyüş ruhunu artıq heç bir mənfur düşmən qıra bilməz, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da yeni-yeni qələbələrə nail olacaqdır. Məktəblilərin ifa etdiyi vətənpərvərlik şeirləri, hazırladıqları bədii kompozisiyalar tədbirin qələbəyə köklənmiş ruhuna xüsusi rövnəq qatdı. Hərbi orkestrin ifasında "Azərbaycan əsgəri" marşının sədaları altında əsgərlərimizin nizami keçidini hamı ayaq üstə çoşqun alqışlarla qarşıladı. Sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciəti yekdilliklə qəbul edildi.