Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi keçirildi

08 aprel 2016 | 11:00
       Aprel ayının 6-da Azərbaycan Texniki Universitetində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi.
      Azərbaycan Respublikasının Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Havar Məmmədov bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
      Qeyd edək ki, adıçəkilən müsabiqə Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2016-cı il tarixli 12 nömrəli əmri ilə elan edilmişdir. Bakı şəhəri ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən birinci mərhələsi 22 yanvar-12 fevral 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 15 fevral-05 mart 2016-cı il tarixlərində keçirilmişdir. Müsabiqənin əsasnaməsinə əsasən, tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq fizika fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirmişlər. Qaliblər ekspert qrupu tərəfindən 5 bal sistemi ilə müəyyənləşdirilmiş, çox bal toplayan komandalar qalib hesab olunmuşdur. Tədbirdə final mərhələsində iştirak edən 24 komandanın tərkibində olan ümumilikdə 72 şagirdə Azərbaycan Texniki Universiteti tərəfindən Sertifikatlar təqdim olundu.
      Pirallahı qəsəbəsində yerləşən 243 və 186 nömrəli tam orta məktəblərin şagirdləri Mirzəyev Vahid, Eyyubova Gülşad,  Piriyev Vaqif, Novruzlu Aysel, Mustafayev Kamran, Əliyev İlkin bu müsabiqənin final mərhələsində iştirak edərək sertifikatlara layiq görüldülər. Bu münasibətlə şagirdlərimizi təbrik edirik. Uğurları daha da artmasını diləyirik.
Keçidlər