Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi

29 may 2013 | 10:00

Mayın 28-də  Vaqif  Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 95-illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirildi. Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə  Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, 2013-cü il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi tamam olur. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.
Milli Məclisin deputatı Rauf Əliyev, rayon ictimaiyyəti adından çıxış edən Su-Kanal Departamentinin rəisi Əli Kərimov, Pirallahı Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, qəsəbə ziyalıları adından söz deyən 243 N-li orta məktəbin dil-ədəbiyyat müəllimi Şəlalə Şabanova Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışlar. Sonra 28 May – Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə fəal iştiraklarına görə Pirallahıda fəaliyyət göstərən  orta məktəblərin və uşaq bağçalarının müəllimlərini Pirallahı RİH-in Fəxri fərmanları ilə təltif etmişdir. Bayram tədbirinə Pirallahıda fəaliyyət göstərən uşaq bağçalarının yetirmələrinin və orta məktəblərin şagirdlərinin hazırladıqları bədii kompozisiyaların nümayişi ilə yekun vurulmuşdur.

Keçidlər