186 nömrəli tam orta məktəbdə tanınmış şair – qəzəlxan Hacı Arif Buzovnalı ilə görüş keçirildi
Aprel ayının 26-da Bakının Pirallahı rayonunda yerləşən 186 nömrəli tam orta məktəbdə tanınmış şair – qəzəlxan Hacı Arif Buzovnalı ilə müəllim və şagirdlərin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev hamını salamladı, qısa şəkildə bu görüşün məqsəd və məramından, əhəmiyyətindən danışdı, dəvəti qəbul edib gəldiyinə görə şair-qəzəlxan Hacı Arif Buzovnalıya məktəb kollektivi adından minnətdarlığını bildirdi, sonra sözü aparıcıya – tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovaya verdi. O, şair – qəzəlxan Hacı Arif Buzovnalının yaradıcılığından danışdı.
Şagirdlərdən VI b sinif şagirdləri Asiman, Minarə, Sənəm, Firuzə, Selcan və başqaları şairin bəzi şeirlərini əzbər söylədilər.VII b sinif şagirdləri Əfsanə, Aydan, Elvira və XI b sinif şagirdi Ceyhun vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Sonra söz şair-qəzəlxan Hacı Arif Buzovnalıya verildi. O, bu tədbirin təşkil edilməsinə görə öz minnətdarlığını bildirdi. Son vaxtlarda yazdığı yeni şeirlərini və şagirdlərin xahişi ilə Qarabağa həsr etdiyi “Qarabağdan məktub” şeirini oxuyub, şagirdlərin suallarını cavablandırdı. Bu görüş şagirdləri yaxşı oxumağa, ədəbiyyatı sevməyə, yaradıcılıq dərnəklərində iştirak etməyə ruhlandırdı.
Sonda şair öz imzalı kitablarından şagirdlərə və müəllimlərə hədiyyə etdi.