Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi

29 aprel 2016 | 11:00
        28 aprel 2016-cı ildə Pirallahı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin (DQİDK)  birgə təşkilatçılığı ilə Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli”  mövzusunda tədbir keçirildi.
       Tədbiri giriş sözü ilə açan 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili əvvəlcə tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışdı.
       Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verdi. O, həmçinin vurğuladı ki, Pirallahı rayonunda müxtəlif xalqların nümayəndələrinin yaşamasına baxmayaraq burada tolerantlıq mədəniyyəti yüksək səviyyədə qorunub saxlanılır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Əlbəttə ki, dini tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir. Əminliklə qeyd edə bilərik ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
      Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, multikulturalizm sahəsində ölkəmizdə görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, bildirdi ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə   dayanan bir həyat tərzidir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər.
       Pirallahı rayon Ağsaqqallar şurasının üzvü Səməd Əhmədov öz çıxışında qeyd etdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı. u siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
       Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
Keçidlər