Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir

06 may 2016 | 11:00
      Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
     Bu fikirlər Pirallahı rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən rayonunun idarə və müəssisəlində, ümumtəhsil və mədəniyyət ocaqlarında keçirilən və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş silsilə tədbirlərin başlıca leytmotivini təşkil etmişdir. May ayının 5-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin akt zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş “Yaşasın Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri Emin İlyasov, Pirallahı rayon Ağsaqqallar şurasının üzvləri, ümumtəhsil müəssisələrinin müəllim heyəti və şagirdlər, YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin idarə heyəti və partiyanın fəal üzvləri iştirak etdilər.
      29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevda Bəşirova ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat verərək dəyirmi masanı açıq elan etdi. Gənclər birliyinin sədri Orxan Babayev çıxış edərək bildirdi ki, Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Azərbaycanın bu gününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Diqqətə çatdırıldı ki,  Azərbaycan xalqı günəşli sabahlara İlhamla irəliləyir.
             Daha sonra  Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov, Gənclər birliyinin fəal üzvü Bilal Bəşirov, 186 nömrəli tam orta məktəbin təşkilatçısı Həcər Ramazanova öz çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. 243 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdinin söylədiyi “Heydərdən sonra İlhamdır  rəhbər” adlı şeirlə tədbirə yekun vuruldu.
      Azərbaycanın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və ordu quruculuğu” adlı daha bir tədbir mayın 5-də 186 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, Pirallahı rayon Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları və dərnək üzvləri iştirak etdilər.
    Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan oluna tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan, məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin və bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
      Tədbirdə məktəbin 11 b sinif şagirdi Nazxanım Fərruxova ulu öndər Heydər Əliyevin  həyat və yaradıcılığından, Azərbaycan ordusunun inkişafındakı rolundan bəhs edən slayd nümayiş etdirmiş, məktəbin şagirdləri və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin dərnək üzvləri tərəfindən Azərbaycana, ümummilli lider Heydər Əliyevə, Azərbaycan ordusuna həsr edilmiş şeirlər və mahnılar ifa olunmuş, milli rəqslər nümayiş etdirilmişdir.
       Sonda tədbir iştirakçılarının diqqətinə ümummilli liderimiz Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Keçidlər