Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilir

19 may 2016 | 11:00

     186 nömrəli tam orta məktəbin idman müəllimi, 1-ci Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyevin təşəbbüsü və 186 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Pirallahı rayon məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilir.
         Turnir aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən ən müqəddəs zirvəyə-şəhidlik zirvəsinə ucalan 186 nömrəli tam orta məktəbin 2014-cü il məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunub. Turnirdə Pirallahı rayon məktəblilərindən ibarət 9 komanda iştirak edir.
          18 may 2016-cı il tarixində 186 nömrəli tam orta məktəbin idman meydançasında mini futbol turnirinin qrup mərhələsi başlayıb. İlk öncə çıxış edən Pirallahı rayon icra hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov öz çıxışında bildirdi ki, indiki qloballaşma dövründə iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Həmçinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2012-ci ilin “İdman ili” elan edilməsi, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılması, həmçinin gənclər arasında idmana olan maraq xüsusilə təqdirəlayiqdir.
       Sonra qonaqları və iştirakçıları salamlayaraq onlara uğurlar arzulayan məktəbin direktoru Arif Xankişiyev bildirmişdir ki, şəhid Sarvan Mehralıyev dəfələrlə bu meydançada gözəl oyun nümayiş etdirərək məktəb komandasına uğurlar qazandırmışdır.
       Mini futbol üzrə keçirilən turnirin qrup mərhələsi may ayının 22-nə qədər davam edəcək, final mərhələsi isə 22-24 may tarixlərində keçiriləcək. Turnirdə I, II, III  yer qazanan komandalar kubok və diplomla təltif ediləcəklər.

Keçidlər