Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

24 may 2016 | 11:00
         Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, dənizin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məsələlərinə daim prioritet istiqamətlərdən biri kimi yanaşılır. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair məruzəsinin müzakirəsinə həsr olunmuş Şura iclasının qərarında da yay mövsümünün yaxınlaşması ilə əlaqədar ərazinin sanitar vəziyyəti, məişət tullantıları meydançalarının, onların ətrafının və zibil konteynerlərinin təmizliyinin nəzarətdə saxlanılması müvafiq qurumlara bir vəzifə olaraq tapşırılmışdır.
          Şura iclasından keçən dövr ərzində bu istiqamətlərdə Pirallahı rayonunda genişmiqyaslı təşkilati və abadlıq-quruculuq işləri aparılmışdır. İlk növbədə qeyd edək ki, Pirallahı, Çilov, Neft Daşları və Gürgən  qəsəbələrində son aylar ərzində 7500-dən çox müxtəlif ağac tingləri əkilmişdir və bu qəbildən olan yaşıllaşdırma işləri davam etdirilməkdədir.
           Rayonda sanitar-təmizlik və abadlıq-quruculuq işləri dəniz sahili boyu da aparılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi korlayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur.
              Pirallahı rayonunda ötən onilliklərdə hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ekoloji tarazlığın qorunması baxımından kompleks addımlar atılmaqdadır. Belə ki, rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində, neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə, lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Bundan əlavə neft mədənlərinin ərazisində geniş sahədə yayılmış sənaye-məişət tullantıları ləğv edilir, Xəzər dənizinin akvatoriyası batmış və yarımbatmış gəmilərin qalıqlarından, istismardan çıxmış estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənir, dənizdə və sahil zolağında yerləşən neft mədənlərində quyulardan, borulardan axıntıların, sızmaların qarşısı alınır, istismarı qeyri-məqbul qiymətləndirilən neft quyuları ləğv edilir. Pirallahı qəsəbəsinin şimal hissəsi neft sənayesi zonası olduğundan ARDNŞ tərəfindən istehsalat zamanı neftlə çirklənmiş 9 ha ərazi xüsusi qurğular vasitəsilə təmizlənmiş, əraziyə 45000 kub m torpaq daşınmışdır. Bu ərazidə təmizlənmiş torpağa peyin və silos qalıqları verilmiş, dincə buraxılmışdır. İstismarda olan neft-qaz quyularının ətrafı abadlaşdırılmış, perimetr boyu qazon örtüyü salınmış, müxtəlif növdə ağac və gül kolları əkilmişdir.
Pirallahı adasının materiklə birləşdirən bəndin (dambanın) sağ tərəfində dənizdə intensiv təmizlik işləri aparılmış, istismardan çıxarılmış köhnə gəmilərin qalıqlarının, çürümüş svayların kəsilərək ərazidən daşınması işləri başa çatdırılmışdır. 2 ha ərazidə sahilbərkitmə işləri həyata keçirilərək əraziyə 30000 kub m torpaq daşınmışdır.
           Rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 yerdə, ümumilikdə 6 ha dəniz sahili ərazi təmizlənərək, çimərliklər təşkil olunmuş, bu sahələrdə cəmi 30 ədəd kölgəlik quraşdırılmışdır.
           Pirallahı rayonu ərazisindəki qəsəbələrdə, bütün küçələri əhatə etməklə, 45 yerdə məişət tullantılarının sanitar qaydalara uyğun yığılması məqsədilə yeni zibil meydançaları quraşdırılmış, 135 ədəd yeni zibil konteyneri qoyulmuşdur. Məişət tullantılarının daşınması və utilizasiyasının yüksək səviyyədə təşkili məqsədilə gündəlik olaraq Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 15 ədəd xüsusi texnika (bunlardan 1 ədədi İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş, 14 ədədi isə ARDNŞ  tərəfindən alınmışdır) təmizlik işlərinə cəlb edilir .
Keçidlər