60 ildən artıq birgə ömür sürmüş nümunəvi ailələr ziyarət olunmuşdur
28 fevral 2023 | 12:56
Hər bir sivilizasiyalı cəmiyyətin sağlam təməllər üzərində qurulub inkişaf etməsi üçün ailə münasibətlərinin rolu əvəzedilməz bir nemətdir. Əsrlərdən bəri Azərbaycan ailələrinin zəngin tarixi ənənələri mövcuddur. Azərbaycan ailəsi zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlaya bilmişdir. Azərbaycan Respublikasının hər bölgəsində olduğu kimi Pirallahı rayonunda da belə dəyərlərə sahib 60 ildən çox birgə ömür sürən nümunəvi ailələr yaşayır.
27 fevral 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan uzunömürlü ailələr ziyarət edilmişdir. Ailə modellərinin tanıdılması və belə ailələrdəki münasibətlərdə uzunömürlülüyün sirri, ailədaxili birliyin təbliği və bu dəyərləri gələcək nəsillərə ötürmək məqsədilə keçirilən görüşlər yaşlı insanların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnərək nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Aparatın məsul əməkdaşları bu ailələrin qayğıları ilə yaxından maraqlanmış və onlarla ailə münasibətlərinin əzəmətindən danışaraq qeyd etmişdilər ki, yaşlılara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan yaşlı ailələr həqiqətən hörmətə layiqdirlər. Yaşlı nəslin nümayəndələrinə göstərilən qayğı Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsası Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir.
Dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan minnətdarlıqla danışan Məsməli Mustafayev, Keçal Məmmədov və Xanım Gülbalayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.