Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirildi
31 avqust 2022 | 17:46
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 31 avqust 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verən Vasif İmanov bildirdi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
Bildirildi ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri artıq ermənilərdən tamamilə boşaldılıb. Prezident İlham Əliyev öz tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsini, eyni zamanda Sus və Zabux kəndlərinin nəzarətə götürüldüyünü qeyd etdi. 10 noyabr sazişindən sonra Laçın, Zabux və Sus kəndləri rus sülhməramlıların nəzarəti altında keçmişdi. Həmin bəyannaməyə əsasən, Azərbaycan tərəfi yeni bir yolun çəkilişini öhdəsinə götürmüşdü. Sevindirici haldır ki, tez bir zamanda Azərbaycan tərəfi yolun çəkilişini həyata keçirtdi. Həmçinin, diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olduğunu vurğulayan natiq qeyd etmişdir ki, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü baş tutmuşdur.
Sonra Vasif İmanov yeni istifadəyə verilmiş Rəqəmsal İcra Hakimiyyəti (rih.gov.az) portalından danışaraq bildirdi ki, artıq vətəndaşlar İcra Hakimiyyətinə gəlmədən də bu platforma vasitəsi ilə xidmətlərdən elektron qaydada yararlana bilərlər. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, telefon xəttinin çəkilməsi, avtomobil yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.