Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi
09 sentyabr 2022 | 17:12
09 sentyabr 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sonuncu Brüssel görüşü bir daha Azərbaycanın siyasi-diplomatik uğuru ilə nəticələndi. Bu görüşdə əsas məsələlərdən biri də sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi də Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur.
Eyni zamanda qeyd edildi ki, 2022-ci ilin sentyabr ayının 1-2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə İtaliyaya işgüzar səfər etdi. 2 gün davam edən səfərin ilk günündə dövlət başçımız, İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə olduqca nüfuzlu beynəlxalq Forum olan Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etdi. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Azərbaycan hər zaman olduğu kimi bu gün də etibarlı tərəfdaş olaraq üzərinə düşən hər bir öhdəliyi yerinə yetirməkdədir. Bunun nəticəsidir ki, günü-gündən ölkəmizin beynəlxalq nüfuzu artır, imici yüksəlir.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Gürgən qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işsizlik, qəsəbədaxili yolların asfaltlanması, qaz xəttinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.