Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcəyimiz naminə narkomaniyaya yox deyək”

24 iyun 2016 | 11:00
        Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və orta məktəblərdə mütamadi olaraq narkomaniya əleyhinə silsilə tədbirlər keçirilir. 24 iyun 2016-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində "26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü"nə həsr olunmuş “Gələcəyimiz naminə narkomaniyaya yox deyək” mövzusunda növbəti tədbir təşkil olundu. Tədbirə gələn qonaqlar “Narkomaniyaya yox deyək!” başlıqlı sərgi ilə tanış oldular.  
         Toplantını giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi  ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. V. Səfixanov qeyd etdi ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox vacibdir.
           Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov öz çıxışında qeyd etdi ki, narkotikin aludəçiləri ilə aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib.  Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır.
         Pirallahı Rayon polis şöbəsinin rəis müavini Fəxrəddin Babayev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Respublikamızda da narkomaniya ilə mübarizə prioritet məsələlərdəndir. Narkomaniya təhlükəsinə qarşı Pirallahı rayonunda da mütamadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Belə ki, Rayon İcra Hakimiyyəti ilə birgə Polis Şöbəsi ümumtəhsil məktəblərində davamlı olaraq tədbirlər təşkil edir.  O bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addımlardan biridir.
         Tədbirdə 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Mustafayeva və 243 nömrəli tam orta məktəbin direktoru Vaqif  Tarıverdili öz nitqlərində bildirdilər ki, narkomaniya insanın tədricən ölümünə səbəb olmaqla yanaşı,  bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur.
         Tədbirdə rayonun idarə və təşkilatlarında, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi vurğulandı.
Keçidlər