Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirildi

29 iyun 2016 | 11:00
         Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, iyunun 26-da respublikamızın bütün hərbi hissələrində, o cümlədən Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirildi. Tədbirdə həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı  Rayon Şöbəsinin nümayəndələri iştirak etdilər.
       Tədbirdə çıxış edən Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Vüsal Babayev Ümummilli Liderin respublikaya rəhbərliyinin həm birinci, həm də ikinci dövründə ölkədə ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirləri qeyd etdi. Natiq bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri qısa dövrdə şanlı inkişaf yolu keçərək təcavüzkarlara qarşı layiqli cavab verməyə qadir orduya çevrilib. Elə bir orduya ki, işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə tam qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha sübut etdi. Son vaxtlar Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara qarşı verilən tutarlı cavab, düşmən ordusunun və hərbi texnikasının itkiləri hər bir azərbaycanlıda böyük iftixar hissi doğurur.
         Tədbir zamanı valideynlər və digər qonaqlar əsgər yeməkləri, geyimləri, onlara göstərilən tibbi xidmət, yaradılan istirahət şəraiti ilə yaxından tanış oldular.
         Sonra əsgər və zabitlər, “Açıq qapı” gününə gələn qonaqlar bayram konsertində iştirak etdilər. 14 saylı Uşaq Musiqi Məktəbinin yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
         Tədbirin sonunda qonaqlar əsgər süfrəsində birgə nahar etdilər.
Keçidlər