Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahılılar ölkə başçısının çıxışını fəaliyyət proqramı kimi qəbul etmişlər

15 iyul 2016 | 11:00

Hesabat yığıncağında 2016-cı ilin birinci yarısında rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş bəhs olundu

          Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin birinci yarısında qazanılan uğurlar 15 iyul tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2016-cı ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Qəzənfər Məhərrəmov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq iyulun 10-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini, həmin iclasda möhtərəm Prezident 2016-cı ilin ilk yarısında Respublikamızda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Həmçinin dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı. Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda görülən işləri, həyata keçirilən layihələri və qarşıda duran vəzifələri əks etdirən hesabat məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış etdi. 
         İlk olaraq Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən yaradılan “Yüksək Texnologiyalar Parkı”nda inşaat işlərinin aparıldığını, Pirallahı  qəsəbəsini  sahillə  birləşdirən  avtomobil  körpüsünün  tikintisinin davam etdiyini  və  yol  boyunca  sahilbərkitmə işlərinin görüldüyünü bildirdi. Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər artıq başa çatmaq üzrədir. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin, eləcə də Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın inşası davam edir.
          Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Asfalt  zavodun  ərazisində  bir mərtəbəli  inzibati  bina  tikilmiş  və  hal-hazırda  təmiri  davam  etdirilir. Yeni yaradılmış Pirallahı  Rayon  Prokrorluğu müvəqqəti olaraq  uyğunlaşdırılmış bina ilə təmin edilmişdir. Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir.
           Səməd Vurğun küçəsi  mərkəzi yol boyu mövcud hasarlar əsaslı təmir edilmiş, ümumi uzunluğu 125  metr  olan yeni dekorativ hasarlar inşa olunmuş,  1300 metrlik  yeni  dekorativ  hasarın  tikintisinə hazırlıq işləri görülmüşdür. Yol ətrafında ümumi uzunluğu 2800 metr olan köhnə bardürlər sökülərək  yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə 2016-cı ilin birinci yarım ili ərzində 9000 kvadrat metrdən çox asfalt örtüyü çəkilmiş və təmir olunmuşdur. Eyni zamanda mərkəzi yolda  əsaslı yenidənqurma  işlərinə  başlanmış, köhnə  asfalt örtüyü Yüksək Texnologiyalar parkına qədər qaşınmış, küçənin nəzərdə tutulan genişlənəcək hissələrinə asfalt  örtüyü  üçün  hazırlıq  qatı  çəkilmişdir. Yol  boyu 147 ədəd yeni  işıq  dirəyinin qoyulması üçün bünövrələr hazırlanır.
         Hesabat dövründə Pirallahı rayonunda sənaye istehsalı üzrə müəyyən nailiyyətlərin əldə edildiyini bildirən V.İmanov qeyd etdi ki, “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində işlər davam etdirilir. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində hazırda işlər dəniz akvatoriyasında və sahil boyu gedir. Pirallahı adasının cənub hissəsində təxminən 5 ha ərazidə sahilbərkitmə işləri həyata keçirilir. 2016-cı ilin birinci yarımili ərzində Pirallahı rayonunda bütövlükdə neft hasilatı 2714677 ton, qaz hasilatı isə 2468402 min m3 təşkil etmişdir.  2016-cı ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55346,8 min manat məbləğində investisiya yönəldilmişdir. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi 21468,4 min manat olmuşdur.        
          Ekoloji tədbirlər və turizmin inkişafına toxunan V.İmanov Pirallahı rayonunda abadlıq və yaşıllaşdırma sahəsində işlərin 2016-cı ilin birinci yarısı ərzində davam etdirildiyini qeyd etmiş, rayon ərazisində  fəaliyyət   göstərən  idarə  və  təşkilatlar tərəfindən  iməciliklər  zamanı  7500-dən  çox  müxtəlif növ  həmişəyaşıl  ağacların  əkildiyini vurğulamışdır. “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı RİH-in təşkilatçılığı ilə rayonda müxtəlif tədbirlər keçirilmişdir. 2016-cı il aprelin 2-də keçirilən növbəti ağacəkmə kompaniyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev iştirak etmişdir. Yay  mövsümü  ilə  əlaqədar məhəllələr,  yol boyu  ərazilər,  çimərliklər  məişət  tullantılarından  təmizlənmiş, rayon ərazisindəki göllərin qurudulması işləri də davam etmiş, yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün müvafiq işlər görülmüşdür. İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il  fevralın 15-dən mayın 2-dək Pirallahı rayonu üzrə 9965 nəfər tibbi müayinədən keçmişdir ki, bu da 18 yaşdan yuxarı əhalinin 63,4%-ni təşkil etmişdir. Rayon ərazisində yeni açılmış iş yerləri üzrə ümumilikdə 143 nəfər müvafiq işlə təmin olunmuşdur.
           Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ildönümü, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, Çernobıl faciəsinin ildönümü, erməni təcavüzünə məruz qalmış rayonlarımızın işğal günləri ilə əlaqədar geniş rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbirləri təşkil olunmuşdur. Novruz bayramı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademiki Zərifə xanım Əliyevanın xatirə günü, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü, 28 May – Respublika Günü, 15 iyun – Milli Qurtuluş Günü, 26 iyun – Silahlı Qüvvələr Günü Pirallahı rayonunda yüksək səviyyədə qeyd olunmuşdur. Bundan başqa ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslər, səyyar “ASAN xidmət”in fəaliyyəti təşkil edilmişdir. Aprel döyüşlərində şəhid olan Sarvan Natiq oğlu Mehralıyevin 9 aprel 2016-cı il  tarixində Pirallahı qəsəbəsində keçirilmiş yas mərasimində dövlət rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
           Çıxışının sonunda V.İmanov bildirmişdir ki, Pirallahı rayonunda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin xalqımızın rifah halının yüksəldilməsi istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qəbul edilir.  Aparılan abadlıq-qurucluq işləri onu deməyə əsas verir ki, 2016-cı ilin qalan dövrü ərzində də qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetiriləcəkdir. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə açılacaq və məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək bazarların, ticarət mərkəzlərinin, yanacaq doldurma məntəqəsinin inşası nəzərdə tutulub. Rayon ərazisində qəzalı vəziyyətdə olan 297 ədəd birmərtəbəli və hündürmərtəbəli binalarla əlaqədar, eləcə də zirzəmilərin təmizlənməsi, hündürmərtəbəli binaların əsaslı təmiri, blokların və dam örtüklərinin təmiri istiqamətində müvafiq tədbirlər görüləcəkdir. Yaxın gələcəkdə RİH-in hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
            Dövlət Proqramı çərçivəsində Gənclər evinin tikintisi və asudə vaxtın səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması nəzərdə tutulmuşdur. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və Dövlət Proqramına müvafiq olaraq idman meydançalarının yaradılması nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam edəcəkdir. Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, yolların və prospektlərin genişləndirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
           Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramiz Verdiyev və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2016-cı ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər.
          Yeni yaradılmış Pirallahı rayonunda 2016-cı ilin ilk altı ayı ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti dövrdə də qarşıda duran vəzifələri uğurla yerinə yetiriləcəklər, ili yüksək göstəricilərlə başa vuracaqlar. Prezident İlham Əliyev qeyd edir: “Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. Hələ bir çox sahələr var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə danışım. Amma hər bir sahədə konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq.” Beləliklə, möhtərəm Prezident özünün proqram xarakterli çıxışı ilə qarşımızda yeni vəzifələr qoymuşdur. Bizim məqsədimiz isə ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək paytaxtımızın sayca on ikinci olan Pirallahı rayonunu gözəl Bakımızın ən cazibədar guşələrindən birinə çevirməkdən ibarətdir.
Keçidlər