Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı körpüsünün inşası sürətlə davam edir

11 iyun 2013 | 10:00
  Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birlışdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə tədbirlərinin görülməsi işləri yüksək templərlə davam edir. Sifarişçisi “Azəryolservis” ASC, layihəçisi Gidrotransproyekt”, podratçısı “EVRASCON” şirkəti olan bu obyektin göstəriciləri belədir: qabariti 11,5 metr, səkilərin eni 2x0,75 metr, tam eni 14 metr.
  Hazırda tikintidə svayların (əsas dayaqların) vurulması tam başa çatdırılıb. Dayaqların 60%-i, yəni 10 dayaqdan 6-sı tikilib, 4-nün tikintisi isə davam edir. Müasir tipli körpü monolit-beton konstruksiya əsasında inşa olunur. Aşırım qurğuları yerində betonlanır. Körpüyə yanaşma yollarının istinad dayaqlarının 30%-nin tikintisi başa çatdırılıb. Eyni zamanda ərazidə bəndin (dambanın) dəniz suyu ilə yuyulmaması üçün sahilbərkitmə işləri gedir.
  Uzunluğu 710 metr, aşırım hissəsi 420 metr olan körpü 10 dayaq, 9 aşırımdan ibarətdir ki, onun da ən böyüyünün uzunluğu 83 metrdir. Körpünün inşaat işlərinə 2012-ci ilin axırlarından başlanıb və tikintinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulub. Hazırda inşaat işlərində 200 nəfərə qədər işçi çalışır.
Məlumat üçün bildirək ki, bu obyekt Xəzərdə, bütövlükdə Qafqaz regionunda dənizin içində tikilən ilk körpüdür. Üst hissəsi avtomobillərin hərəkəti məqsədinə xidmət edəcək körpünün alt hissəsinin gəmilərin hərəkəti üçün açıq olması nəzərdə tutulub. Körpünün su səviyyəsindən hündürlüyü 13 metr olmalıdır. Bu vaxta qədər süni yarımada statusu daşıyan Pirallahı körpünün tikintisi başa çatdıqdan sonra tam şəkildə ada statusu qazanacaqdır.
Keçidlər