Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürür

01 sentyabr 2016 | 11:00
         Əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində idmanın inkişafı prioritet istiqamətlərdən birinə çevrilmişdir. Qələbə sədaları Olimpiya oyunlarından, Avropa çempionatlarından, beynəlxalq turnirlərdən gələn Azərbaycan bu sahədə inkişafa görə nəinki keçmiş SSRİ respublikalarını, hətta əksər Avropa dövlətlərini də geridə qoyur.  
         Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.
         Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Kişilərin yarışlarında 182, qadınlarda isə 142 komanda çıxış edəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 14-də yekunlaşacaq. Azərbaycan, ABŞ, Rusiya və Çin kişilər arasında yarışların favoriti hesab olunur.
         Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Hall”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.
         Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Buna 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London və 2016-cı il Rio-de-Jeneyro Olimpiya oyunlarını misal göstərmək olar. Belə ki, idmançılarımız Afinada 5, Pekində 7, Londonda 10, Rio-de-Jeneyroda isə 18 medal  qazanmışlar. Respublikamız 2016-cı ilin sentyabrında Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına və sair möhtəşəm tədbirlərə ev sahibliyi edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə  desək, idmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Uğurlarımızın təməlində dövlət siyasəti dayanır.
Keçidlər