Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda görülən işlərin intensivliyi artır

11 iyun 2013 | 10:00
  Bakı şəhəri Pirallahı rayonunun eyni adlı qəsəbəsində rayonun baş planınına uyğun olaraq abadlıq və yenidənqurma işləri sürətlə davam edir. Tikintisinə hələ ötən il başlanmış Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılmışdır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə ümumi uzunluğu 21,7 kilometr təşkil edən yolun 7 kilometri altı, 14,7 kilometri isə dörd hərəkət zolağından ibarət olacaqdır. Hazırda yolda torpaq-qazma işləri ilə yanaşı, yatağın hazırlanması işləri gedir. Eyni zamanda, 4 kilometr məsafədə asfalt-beton örtüyü vurulur. Burada işlərin təxminən 20-25 faizi tamamlanmışdır. Ümumilikdə isə işlərin 2014-cü ildə başa çatdırılması planlaşdırılmışdır.
 Qəsəbədəki Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidə Pirallahının mərkəzi hissəsinə köçürülmüşdür. Bu ərazi yenidən qurulmuş, ətrafda abadlaşdırma işləri davam edir. İnanırıq ki, əvvəlki yerində diqqətdən kənarda qalmış Böyük Vətən Müharibəsi abidəsi bundan sonra böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacaqdır. Pirallahı qəsəbəsinin mərkəzində yerləşən və kiçik yaşlı sakinlərimizin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə salınan “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir.
 Adanın şimal hissəsində, Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulmasına başlanmışdır. Ərazisi 4 hektardan çox olan geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə gölün qurudulması prosesi davam edir. Paralel olaraq drenaj işlərinə və kanalizasiya sisteminin qurulmasına başlanıb. Ətrafda vətəndaşlar tərəfindən zəbt olunmuş sahələrdə xeyli sayda köhnə tipli, yararsız tikililər vardır ki, indi torpaq sahələri onlardan da təmizlənir, ərazidəki antisanitariya aradan qaldırılır Göl tam qurudulduqdan sonra burada “Abad məhəllə-1” layihəsinin icrasına start veriləcəkdir. Məlumat üçün bildirək ki, Pirallahı qəsəbəsinin mərkəzi hissəsində, İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazinin qonşuluğunda “Abad məhəllə-2” layihəsinin də icrası nəzərdə tutulub. Pirallahı rayonunun giriş hissəsində (helikopter meydançası ilə üzbəüz) salınacaq “Gənclər şəhərciyi” və adanın şimal-qərb qurtaracağında tikiləcək “Turizm mərkəzi” layihələri sənədləşmə mərhələsindədir. Rayon ərazisində 50 hektar sahəni əhatə edəcək “Texnopark”ın tikintisinə də yaxın günlərdə başlanacaqdır.
 Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir. O cümlədən, 28-ci məhəllədə müxtəlif diametrli 679 metr, 29-cu məhəllədə 596 metr, S.Bağırov küçəsində 878 metr boru xətti yenilənmişdir. Hazırda Kamil Rzayev küçəsində işləri tamamlayan Su-Kanal departamenti 40-cı məhəllədə fəaliyyətə başlayıb. Qəsəbədaxili və magistral su kəməri xətləri də çəkilir.
Qəsəbənin giriş hissəsində iki yerdə müasir tipli yeni dayanacaq inşa edilmiş, bunula da Pirallahıda qurulan müasir dayanacaqların sayı 4-ə çatdırılmışdır. Rayonda 10 yerdə müasir tipli zibil meydançası quraşdırılmışdır və köhnə zibilxanaların estetik görünüşünün müasirləşdirilməsi işləri də davam edir.
Keçidlər