Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir

14 sentyabr 2016 | 11:00
        “Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə yüksəltməyə nail olmuşdur. Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab  İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur.
        Sevindirici haldır ki, Pirallahı rayonunun təhsil işçiləri də uzun illərdir böyüməkdə olan nəslin milli, vətənpərvər ruhda tərbiyə alması, savadlı, intellektual gənclər kimi yetişməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. Artıq dördüncü ildir ki bütün sahələrdə səmərəli fəaliyyət göstərən Pirallahı Rayon İcra Hakimiyyəti rayonun təhsil sisteminin inkişafına da öz töhfəsini verir, əlindən gələn köməyi göstərməyə çalışır.
        Sentyabrın 14-də Pirallahı RİH-ti tərəfindən təşkil olunmuş, 2015-2016-cı tədris ilinin yekunlarına və 2016-2017-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantaları və digər məktəb  ləvazimatları paylanıldı.
         Dövlət Proqramına əsasən əvvəl əsaslı təmir edilmiş 168 №-li tam orta məktəbin akt zalında baş tutan tədbirdə Pirallahı RİH, eləcə də digər idarə və müəssisələrin rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələr və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi.
        Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən, çatışmazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd etdi ki, ümumilikdə 2015-2016-cı tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 195 məzundan 128 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 71 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərin sayına nisbətən qəbul 55% olmuşdur. Ali məktəblərə qəbul olanlar sayı keçən illə müqayisədə 13 nəfər artmışdır. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Belə ki, keçən il bu rəqəm 6 idisə, bu il 13 nəfərə yüksəlmişdir. Ali məktəblərə qəbul olanların 18%-i (13 nəfər) 500-600 arası bal toplamışdır. Ən yüksək nəticəni isə 635 balla 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova göstərmişdir. V.Səfixanov bildirildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Belə ki, Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, eləcə də 6 sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. Yenə də Dövlət Proqramına əsasən, “Çobanyastığı” körpələr evi - uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi - uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi - uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi planlaşdırılmışdır. Rayonda 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 yerlik körpələr evi - uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
          Tədbirdə çıxış edən 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, yeni dərs ilində rayonun  pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzuladılar.
Keçidlər