Şriftin ölçüsü :

Saytın rəngi :

Orta ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

15 sentyabr 2016 | 11:00
         15 sentyabr 2016-cı il tarixdə Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi. Yeni dərs ilinin açılış mərasimlərində Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, 2016-2017-ci tədris ilində Pirallahı rayonunda 289 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. Onlardan 247 nəfəri azərbaycan, 42 nəfəri isə rus bölməsində təhsil alacaqdır.
        Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri acaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
        2015-2016-cı tədris ilində Pirallahı rayon məktəblərini 195 məzun bitirmişdir. 128 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və ilkin nəticələrə görə 71 nəfər qəbul olmuşdur. Sənəd verənlərin sayına nisbətən qəbul 55% olmuşdur. Ali məktəblərə qəbul olanlar sayı keçən illə müqayisədə 13 nəfər artmışdır. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Belə ki, keçən il bu rəqəm 6 idisə, bu il 13 nəfərə yüksəlmişdir. Ali məktəblərə qəbul olanların 18%-i (13 nəfər) 500-600 arası bal toplamışdır. Ən yüksək nəticəni isə 635 balla 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova göstərmişdir. 
          Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar.
             Qeyd edildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Belə ki, Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, eləcə də 6 sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. Yenə də Dövlət Proqramına əsasən, “Çobanyastığı” körpələr evi - uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi - uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi - uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi planlaşdırılmışdır. Rayonda 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 yerlik körpələr evi - uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Bildirildi ki, sentyabrın 14-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcud problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür. Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şerlərlə ifadə etdilər.
Keçidlər