Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr - Neftçilər Günüdür

20 sentyabr 2016 | 11:00
     Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada "Neft diyarı", "Odlar diyarı" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.
       XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamışdır.
       Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri vardır. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları "İkinci Bakı", "Üçüncü Bakı" kimi adlandırılırdı.
       1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
        "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.
        Pirallahı rayonunun fədakar zəhmətkeşləri özlərinin peşə bayramlarını əməkdə və sosial sahədə nailiyyətlərlə qarşılayırlar. Pirallahı rayonunda 2016-cı ilin 8 ayı ərzində 3629650 ton neft və 3300920 min m3 qaz hasil olunmuşdur. Son illər rayonda dəniz neftçilərinin sosial-məişət şəraitinin  yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Neft-qazçıxarma sexlərində və stasionar dəniz özüllərində zəhmət adamları üçün əlverişli əmək və məişət şəraiti yaradılmışdır.
       Son illər neft sahəsində çalışan insanlara və onların ailə üzvlərinə göstərilən daimi diqqət və qayğı daha da artırılıb. Əvvəllər dənizdə çalışan neftçilərin əmək və sosial şəraitləri lazımi səviyyədə deyildi və burada bir çox çətinliklər mövcud idi. Lakin Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi bu sahəyə də olan diqqət və qayğısı, o cümlədən Dövlət Neft Şirkəti rəhbərliyinin böyük səyləri ilə bu gün Pirallahıda, Neft Daşlarında, həmçinin Çilov adalarında və digər ərazilərdə çalışan böyük neftçi ordusunun əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub və bu iş daha yüksək səviyyədə davam etdirilməkdədir. Neftçilərə olan diqqət və qayğının bariz nümunəsi kimi 2012-ci ilin dekabrında  Prezident İlham Əliyevin sərəncamı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələrindən ibarət yeni bir rayonun - Pirallahı rayonunun yaradılmasıdır. Bakı şəhərinin yeni rayonunun yaradılması ilə əhalisinin böyük bir hissəsini neftçi ailələrinin təşkil etdiyi qəsəbələrin sosial-iqtisadi infrastrukturu yenidən və daha yüksək səviyyədə qurulmaqdadır, burada yaşayan sakinlərin həyat səviyyəsini, rifah halını daha yaxşı bir şəkildə təmin etmək üçün bütün lazımi tədbirlər görülür, zəruri şərait yaradılır.
      Ölkə başçısının diqqət və qayğısıdır ki, onlarla neftçi əmək fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə fəxri adlarla təltif olunur və mükafatlandırılır. Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində cənab Prezident İlham Əliyevin geniş çıxışı və neftçiləri təbriki bunu bir daha sübut elədi.
        Əziz neftçilərimiz, sizinlə daim fəxr edirik!
         Bayramınız mübarək!
Keçidlər