Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2016 | 11:00
        5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. İlk dəfə beynəlxalq səviyyədə 1966-cı il oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə keçirdiyi konfransda müəllimlərin əmək şəraitini müəyyən edən “Müəllimlərin vəziyyəti haqqında” tövsiyə xarakterli sənəd qəbul edilmişdir. 1994-cü ildə YUNESKO oktyabrın 5-ni Beynəlxalq Müəllim günü kimi təsbit etmiş və bu tarix BMT-nin beynəlxalq və ümumdünya günləri sisteminə daxil edilmişdir. Dünya birliyi Beynəlxalq Müəllim gününü qeyd etməklə müəllimlərin cəmiyyətdə, təhsil sistemində və ölkələrin inkişafında artan rolunu qeyd edir.
         Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Onun müəllim haqqında dediyi fikirlər müəllimlərə verilən ən yüksək qiymətdir: " Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!
      Bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu layiqincə davam etdirməsi hamımızı sevindirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğısı, diqqəti təhsil ocaqlarında yaradılan şərait müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi sabaha inamı artırır.
      Müəllim adı, müəllim sözü Azərbaycanda da daim yüksək sanılmış, müqəddəs sayılmış,  “Ana” və "Vətən" kəlmələrinə bərabər tutulmuşdur. Bizə ilk dəfə “Ana, Ata, Vətən” kəlmələrini yazmağı öyrətmiş, onların mənasını açıqlamış, sadə rəqəmlərin, uzaq ulduzların sirrini açmış, keçmişimizlə, tariximizlə tanış etmiş müəllimlərimizi daim ehtiram və sevgi ilə yada salırıq.
        Pirallahı rayonunun 6 təhsil müəssisəsində 241 nəfər müəllim çalışır. Onlar da oktyabrın 5-də 100-dən çox ölkənin təhsil işçiləri ilə birlikdə öz bayramlarını qeyd edirlər. Çünki bu gün bütün müəllimlərin, təhsil sistemi işçilərinin  peşə bayramıdır.
       Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir. Bu gün doğma Azərbaycanımızın bütün hörmətli pedaqoqları, təhsil sahəsində çalışan işçiləri üçün əziz gündür. Pirallahı məktəblərinin pedaqoji kollektivlərini, onlarla birgə müəllim adını qürurla daşıyan şərəfli sənət sahiblərini, bu adın dəyərini bilənləri, mənəvi yükünü təmiz vicdanla daşıyanları, bu gün öz peşə bayramını qeyd edən bütün zəhmət adamlarını, bu ada layiq olan, həyatımız boyu borclu olduğumuz bütün  müəllimlərimizi və onların şəxsində hər bir Azərbaycan müəllimini ürəkdən təbrik edirik.
      Biz də bu bayramın sevincini onlarla bir hiss edərək Əziz Müəllimlərimizə “Bayramınız mübarək!” deyirik. Həm  orta və ali məktəbdə bizə savadlı olmağı, daim öyrənməyin və öyrətməyin necə gözəl bir hiss olduğunu başa salan, elmə, təhsilə ürəyimizdə sevgi yaradan müəllimlərimizi, həm də həyatın çətin yollarını keçməkdə, pisi yaxşıdan ayırmaqda, səbrli olmaqda bizə yol göstərən, həm sevincli, həm də kədərli anlarımızda daim yanımızda hiss etdiyimiz əziz müəllimimizi, onların simasında bütün pedaqoji kollektivləri peşə bayramı münasibətilə bir daha təbrik edir və doğma Azərbaycanımız üçün Vətən daşları yetirmək kimi çətin bir yolda çəkdikləri bütün əziyyətlərinə görə minnətdarlığımızı bildiririk.
          Sizlər üçün çalışqan şagird, yaxşı tələbə ola bilmişiksə həqiqətən xoşbəxt insanlarıq.
                          Bir daha Bayramınız mübarək!
Keçidlər