Pirallahıda səyyar qəbullar davam etdirilir
04 noyabr 2022 | 18:02
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 04 noyabr 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Bildirildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Artıq 19-cu ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Soçidə imzalanan Bəyanatda yer alan məsələlərdə Azərbaycanın mövqeyi ifadə olundu. O cümlədən Rusiya bir çox məsələlərdə ölkəmizin mövqeyini dəstəklədiyini büruzə verdi. Bütövlükdə Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Həmçinin, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər.
Vasif İmanov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qətiyyətli mövqeyi ilə bütün dünyanı heyran edən Müzəffər Ali Baş Komandan tarixi və əzəli torpaqlarımızı düşməndən xilas edərək adını şanlı tariximizə qızıl hərflərlə yazdırdı. Bu gün 30 illik düşmən işğalında qalan Qarabağa yeni həyat yeni nəfəs bəxş edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Qayıdışımızı reallaşdırmaqla dünyadakı bütün azərbaycanlıların rəğbət bəslədiyi sevimli lideri olmuşdur.