Şriftin ölçüsü :

Saytın rəngi :

Multikulturalizm ilinə Pirallahı rayonunda uğurla yekun vurulacaqdır

19 oktyabr 2016 | 11:00

Pirallahılılar ölkə başçısının çıxışını fəaliyyət proqramı kimi qəbul etmişlər

       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin 9 ayı ərzində qazanılan uğurlar 19 oktyabr tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2016-cı ilin ilk üç rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov açaraq oktyabrın 7-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini nəzərə çatdırdı. Həmin iclasda möhtərəm Prezident İlham Əliyev çox mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycanın uğurla inkişaf etdiyini, bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumunun, ondan əvvəl BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirildiyini xüsusilə vurğuladığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu vurğulamışdır. Həmçinin dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığına diqqət çəkərək, aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandırmış, əks-hücum əməliyyatı nəticəsində 2 min hektardan çox ərazinin işğaldan azad edildiyini diqqətə çatdırmışdır. Daha sonra V.İmanov 2016-cı ilin üçüncü rübündə rayonda görülən işləri, həyata keçirilən layihələri və qarşıda duran vəzifələri əks etdirən hesabat məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış etdi. 
       İlk olaraq Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na  uyğun olaraq 2016-cı ilin 3-cü rübündə də rayon ərazisində işlərin uğurla davam etdirildiyini bildirdi. İlk olaraq Pirallahı  adasını  Abşeron  yarımadası  ilə  birləşdirən  avtomobil  yolu  körpüsünə diqqət çəkən V.İmanov burada tikinti-quraşdırma  və  yan  hissədə  yol  boyunca   sahilbərkitmə  işlərinin aparıldığını, o cümlədən 25790 m³ mövcud  dambanın söküldüyünü, körpüdən keçən kommunikasiya  xətlərinin  köçürüldüyünü, körpü  üzərində  asfalt  örtüyünün  çəkilməsinə  başlanıldığını qeyd etmişdir. Daha sonra bildirilmişdir ki, “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır, 28-ci  məhəllədə üzərində  ulu  öndər  Heydər  Əliyevin  rəsmi  olacaq  postamentin  tikinti-quraşdırma  işləri  tamamlanmaq  üzrədir.
       Hesabat dövründə Pirallahı  rayonunda  içməli  su  şəbəkəsinin  yenidən  qurulması  işləri  aparılmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Mərkəzi  yolun  genişləndirilməsi  ilə  əlaqədar  S.Vurğun küçəsinin sonunda,  9 mərtəbəyə  gedən  yolun  sol  hissəsindəki uzunluğu 200 m olan yeni  hasarın  tikintisi  başa çatdırılmışdır. Yaşayış  evlərinin girişləri üçün  yeni  dəmir  qapılar  quraşdırılmışdır. Mərkəzi yol kənarında 29-cu məhəllədən  başlayaraq  Pirallahı İdman Zalının qarşısınadək  ümumi  uzunluğu  1200 m olan yeni   hasarın   tikintisi  başa  çatdırılmışdır. Hazırda hasarın  başlanğıcında üzərində  dekorativ  elementlər, Azərbaycan  Respublikasının  dövlət  bayrağı  və  saat  quraşdırılacaq hündürlüyü 9,8 m  olan qüllə inşa  edilir. 77 saylı poçt şöbəsinin yaxınlığındakı hasarlarda isə tarixi və müasir tikililərin rəsmləri işlənilir.
       Rayon  ərazisində  yerləşən  30   ədəd  yaşayış  binasının fasadları və  dam  örtüklərində  təmir-tikinti  işləri  davam  edir. 29 saylı  uşaq yaradıcılıq  mərkəzinin  fasadı  və  dam  örtüyü artıq təmir  olunmuşdur. Həmçinin S.Vurğun  küçəsində  yerləşən  “Bulaq”  və 40-cı  məhəllədə  yerləşən  “Çobanyastığı” körpələr evi-uşaq  bağçalarında  təmir  işlərinə  başlanılmışdır. Pirallahı  qəsəbəsində  ümumi uzunluğu 8 km olan  mərkəzi  yolda  əsaslı  yenidənqurma   işləri  davam  etdirilir. Həmçinin  rayon  üzrə  məhəllədaxili  yollarda da  əsaslı  təmir  işləri görülmüşdür. Mərkəzi yol kənarının yaşıllaşdırılması üçün 9500 m3 torpaq tökülərək landşaftın düzəldilməsi işləri  aparılmışdır. “Azəravtoyol”ASC-nin “Bakı 9 № li Yol İstismarı” MMC–nin inzibati binasının tikintisi yekunlaşdırılmış və ərazi hasara alınmışdır. Ümumilikdə “Bakı 9 № li Yol İstismarı” MMC-i tərəfində yanvar-avqust ayları ərzində  Pirallahı rayonunda 17236.44 m² asfalt-beton örtüyü  təmir olunmuşdur.
          Pirallahı  qəsəbəsində  qaz  xətlərinin  yeraltı  polietilen  borularla  əvəz  olunması  işləri  aparılır.  Gürgən qəsəbəsində yararsız vəziyyətdə olan 340 m  uzunluğunda mövcüd qaz xətti polietilen borularla əvəz olunmuşdur. Mərkəzi  yolun  çəkilişi  ilə  əlaqədar  S.Vurğun  küçəsində, 40-cı  məhəllədən  başlayaraq  “Gənclər  parkı”na  qədər  elektrik  xətlərinin  yer altına  keçirilməsi  işləri artıq tamamlanmışdır. Rayon  ərazisində  8  ədəd  transformator məntəqəsində təmir və yenidənqurma işləri  aparılır. Mərkəzi  yolun  gecə  işıqlandırması  üçün  kabel  xətlərinin  çəkilməsi  işləri  görülmüşdür.  Hal-hazırda  işıq  dirəklərinin  quraşdırılması  işləri  yerinə  yetirilir.
         “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində işlər tamamlanmaq üzrədir. Pirallahı  qəsəbəsində 1-ci mədən  ərazisində,  ilk  neft quyusunun  yerində  köhnə, tarixi  neft  buruğu  şəklində  abidə  hazırlanır. Abidənin  arxasında  qaya  daşlarından  ibarət  şəlalə tikilərək ərazidə abadlaşdırma  işləri  görülür. Yeni yaradılacaq Balıqyetişdirmə  kompleksinin  ərazisi  yararsız  tikililərdən  sökülərək  təmizlənir, ətrafına  dekorativ  hasar çəkilməsi nəzərdə tutulur.
         Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham Əliyevin  14  sentyabr 2016-cı  il  tarixli   Pirallahı  Sənaye  Parkının  yaradılması  haqqında  Sərəncamına əsasən  Pirallahı  qəsəbəsində   Sənaye  parkının  yaradılması  üçün  ümumilikdə  30  ha  torpaq  sahəsi  ayrılmışdır. Bildirilmişdir ki, Pirallahı Sənaye Parkının rezidentləri də, ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarının rezidentləri kimi, bir çox güzəştlərdən yararlanacaqlar. Belə ki, Pirallahı Sənaye Parkının gələcək rezidentləri Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq, qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, istehsal üçün idxal etdikləri texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunurlar. Ölkəmizdə fəaliyyət göstərən bütün sənaye parklarında və məhəllələrində infrastrukturun yaradılması dövlət vəsaiti hesabına maliyyələşdirilir ki, bununla da rezidentlər bu sahədə xərclərə qənaət etmiş olurlar. Pirallahı Sənaye Parkında da zəruri infrastruktur dövlət tərəfindən yaradılacaq, burada fəaliyyət göstərəcək rezidentlər üçün bir sıra xidmətlər göstəriləcəkdir.
         Pirallahı rayonunda ekoloji tarazlığın qorunması və turizmin inkişafı istiqamətində görülən işlər 2016-cı ilin ötən dövrü ərzində davam etdirilmişdir. Belə ki, rayon  ərazisində   fəaliyyət   göstərən  idarə  və  təşkilatların  iştirakı  ilə mütamadi olaraq geniş  miqyaslı  iməcliklər  təşkil  olunmuş, ümumilikdə hesabat dövründə 7500-dən çox müxtəlif növ həmişəyaşıl ağaclar  əkilmişdir.  Yaşıllıqlara  mütəmadi  olaraq aqrotexniki qulluq göstərilməsi təşkil edilmişdir.
        Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili” elan edildiyini nəzərə çatdıran V.İmanov bildirmişdir ki, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürməsi, onların azadlıq, dostluq mühitində yaşaması, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin heç vaxt müşahidə edilməməsi, Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olması danılmaz bir faktdır. Ölkədəki multikultural və dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza, o cümlədən Pirallahı rayonunda, bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir. Bütün bunları nəzərə alaraq, "Multikulturalizm ili”ni yüksək səviyyədə keçirmək və gənc nəslin düzgün istiqamətdə tərbiyə alması, yetişdirilməsi məqsədilə Pirallahı Rayon İcra Hakimiyyətində, təhsil müəssisələrin, digər idarə və təşkilatlarda “Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışdır”, “Multikulturalizmin Azərbaycan modeli”,  "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır" və digər mövzularda silsilə tədbirlər təşkil edilir. Və bu işi 2016-cı ilin başa çatması ilə yekunlaşdırmaq fikrində deyilik, növbəti illərdə də davam etdirmək əzmindəyik.
        Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı ilin geridə qalan dövrü ərzində vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətləri qanunla müəyyən edilmiş qaydada və operativ təmin edilmişdir. 2016-cı ilin əvvəlindən 106 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir.
        Çıxışının sonunda V.İmanov bildirmişdir ki, Pirallahı rayonunda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin xalqımızın rifah halının yüksəldilməsi istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qəbul edilir.  Aparılan abadlıq-qurucluq işləri onu deməyə əsas verir ki, 2016-cı ilin qalan dövrü ərzində də qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetiriləcəkdir. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə açılacaq və məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək bazarların, ticarət mərkəzlərinin, yanacaq doldurma məntəqəsinin inşası nəzərdə tutulub. Rayon ərazisində qəzalı vəziyyətdə olan 297 ədəd birmərtəbəli və hündürmərtəbəli binalarla əlaqədar, eləcə də zirzəmilərin təmizlənməsi, hündürmərtəbəli binaların əsaslı təmiri, blokların və dam örtüklərinin təmiri istiqamətində müvafiq tədbirlər görüləcəkdir. Yaxın gələcəkdə RİH-in hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
         Dövlət Proqramı çərçivəsində Gənclər evinin tikintisi və asudə vaxtın səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması nəzərdə tutulmuşdur. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və Dövlət Proqramına müvafiq olaraq idman meydançalarının yaradılması nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam edəcəkdir. Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, yolların və prospektlərin genişləndirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
          Hesabat ətrafında çıxış edən Pirallahı Sukanal İdarəsinin rəisi Əli Kərimov, “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, 9 saylı Yol İstismar İdarəsinin rəisi Bəharəddin Rəsulov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2016-cı ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. Yığıncağın sonunda Pirallahı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərində fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təltif edilmiş Pirallahı RİH başçısı Aparatının şöbə müdiri Mahir Qarayevə “Tərəqqi” medalı təqdim olunmuşdur.
         Yeni yaradılmış Pirallahı rayonunda 2016-cı ilin ilk 9 ayı ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti dövrdə də qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəklər, ili yüksək göstəricilərlə başa vuracaqlar. Prezident İlham Əliyev qeyd edir: “Əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik.” Beləliklə, möhtərəm Prezident özünün proqram xarakterli çıxışı ilə qarşımızda mühüm vəzifələr qoymuşdur. Bizim məqsədimiz isə ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək Prezident İlham Əliyevin elan etdiyi multikulturalizm ilini Pirallahı rayonunda uğurla başa vurmaqdan ibarətdir.
Keçidlər