Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

04 noyabr 2016 | 11:00
       “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il il tarixli  sərəncamına əsasən,  Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı təmir işləri aparılır. Hal-hazırda gecə işıqlandırması dirəklərinin və səki daşlarının quraşdırılması davam etdirilir. Yol kənarı torpaq qatı qazılaraq çıxardılır, əvəzində yol geyiminin əsası və asfalt örtüyün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir. Paralel olaraq mərkəzi yol boyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir. Mərkəzi yol kənarında ümumi görünüşə xələl gətirən tikililərin dam örtükləri və fasadlarında təmir işləri aparılır və qeyri-yaşayış obyektləri rayonun ümumi memarlığına uyğunlaşdırılır.
        K.Rzayev küçəsində ümumi sahəsi 1 hektara qədər olan ərazidə “Yaşıl park” adlandırılacaq yeni parkın salınmasına başlanılmışdır. Hazırda parkın ərazisində landşaft kompozisiyalarının düzəldilməsi, yeni həmişəyaşıl və dekorativ ağacların əkilməsi işləri aparılır. Layihə üzrə parkda kölgəliklərin və uşaq oyun meydançalarının quraşdırılması nəzərdə tutulmuşdur. Həmçinin, ərazidə iaşə obyektin və ticarət mərkəzinin tikilməsi planlaşdırılır.
        S.Vurğun küçəsi, 40-cı məhəllədə 1b və 1v nömrəli, S.Bağırov küçəsində isə 3 saylı yaşayış binalarının fasadlarında təmir işləri davam etdirilir. S.Vurğun küçəsində mərkəzi yol kənarında bir mərtəbəli, iki mənzilli yaşayış evində əsaslı təmir işlərinə başlanılmışdır. S.Vurğun küçəsində yerləşən “Bulaq” və 40-cı məhəllədə yerləşən “Çobanyastığı”, M.Əzizbəyov küçəsində yerləşən “Cırtdan” körpələr evi - uşaq bağçalarında təmir işləri aparılır. Həmçinin, S.Vurğun küçəsində yerləşən bazarda və ictimai iaşə obyektində yenidənqurma işləri davam etdirilir.
Rayon ərazisində 3 ədəd müasir tipli yeni transformator məntəqəsi tikilir, 5 ədəd transformator məntəqəsi isə təmir olunur. Həmçinin, mərkəzi yolda kommunikasiya xətlərinin keçirilməsi üçün nəzərdə tutulan gilizlərin (ehtiyat yeraltı keçid borular) quraşdırılması işləri davam etdirilir.
       Mərkəzi yol kənarında 29-cu məhəllədən başlayaraq Pirallahı idman zalının qarşısınadək yeni dekorativ hasarın inşası tamamlanmışdır. Hasarın başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı və saat quraşdırılacaq, hündürlüyü 9,8 m olan qüllənin tikinti-quraşdırma işləri davam etdirilir. Həmçinin, Səməd Vurğun küçəsi mərkəzi yol kənarında, üzərində dekorativ elementlər olacaq qüllənin tikintisi aparılır. Bundan əlavə S.Vurğun küçəsində, uzunluğu 180 m olan yeni dekorativ hasar inşa olunmuşdur. Hazırda hasarlarda dekorativ elementlərin quraşdırılması işləri davam edir. S.Vurğun küçəsindəki hasarlara tarixi və müasir tikililərin rəsmləri işlənilir.
       Pirallahı qəsəbəsində magistral yolun yenidən qurulması ilə əlaqədar əhalini təmin edən müxtəlif diametrli 60 metr su xəttinin yeri dəyişdirilmişdir. Həmçinin, ay ərzində 200 m su xətti və 180 m kanalizasiya xətti təmir edilmişdir. Hazırda Əzizbəyov küçəsində yağış sularının yoldan kənarlaşdırılması məqsədilə 250 m uzunluğunda 300 mm-lik yeni drenaj xəttin çəkilməsi işləri aparılır və bu işlərin digər ərazilərdə aparılması nəzərdə tutulmuşdur.
        Oktyabr ayı ərzində Pirallahı qəsəbəsində 790 ədəd eldar şamı, 40 ədəd leylandra, 22 ədəd isə sərv ağacı əkilmişdir. Həmçinin, 486 ədəd müxtəlif növ gül və kol bitkiləri əkilmişdir. Mərkəzi yol kənarı qazon örtüyünün salınması üçün 28000 m³-ə qədər torpaq tökülərək müxtəlif landşaft elementləri, təpələr düzəldilmişdir. Həmçinin, təpələr üzərində qaya daşları ilə müxtəlif kompozisiyalar qurulmuşdur.
Keçidlər