Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları üzrə pilləli tədris proqramı”nda iştirak edən müəllimlər və şagirdlər mükafatlandırıldı

10 noyabr 2016 | 11:00
      Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrasının əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə Müvəkkilin rəhbərlik etdiyi Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədrisin inkişaf etdirilməsi nəzərdə tutulub.
      Qeyd edilməlidir ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2016-cı il 13 oktyabr tarixli 57 nömrəli Sərəncamına əsasən rayon ərazisində “Uşaq hüquqları aylığı” elan edilmiş, rayonun təhsil və mədəniyyət ocaqlarında treninq-seminarların və maarifləndirici tədbirlərin  keçirilməsi nəzərdə tutulmuşdur. Aylıq çərçivəsində rayon ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrində uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində bir çox tədbirlər həyata keçirilmiş və keçirilməsi planlaşdırılıb. Mütəmadi olaraq, Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə  dərsdən yayınan uşaqlarla və onların valideynləri ilə söhbətlər aparılıb, onların məktəbə cəlb edilməsində müvafiq tədbirlər görülüb.
      2016-2017-ci tədris ilində “Uşaq hüquqları üzrə pilləli tədris proqramı”  Pirallahı rayonu 186 №-li tam orta məktəbdə də həyata keçirilib. Proqram icra edilən məktəbdə uşaq hüquqları üzrə tədbirlər keçirilib, yekun qiymətləndirməyə əsasən, 73 şagird “Uşaq Hüquqlarının Pilləli Tədrisi” kursunu müvəffəqiyyətlə bitirərək sertifikatla, direktor və müəllimlər təşəkkürnamə ilə təltif edilib.
     Qeyd edək ki, ümumilikdə, 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən layihəyə 110-dan çox məktəb cəlb edilib, bu prosesdə fərqlənmiş 6350-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 500-dən çox müəllim və direktor təşəkkürnamə alıb.
Keçidlər