Pirallahı rayon İcra hakimiyyətində növbəti qəbul keçirildi
13 iyun 2013 | 10:00
2013-cü il iyun ayının 12-də Pirallahı rayonu İcra hakimiyyəti Başçısı aparatında rayon sakinlərinin növbəti qəbulu təşkil edildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin Başçısı Vasif İmanov keçirdi. Qəbula gələnləri salamlayan İcra başçısı vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. İcra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Səbinə Yusubova, Elnur Məmmədov, Cevil İbrahimova, Tural Nəcəfov, Fəxriyyə Hüseynova, Elmira Salmanova, Orxan Qurbanov, Sülhiyyə Abbasova, İlham Zamanov, Səxavət Kərimova, Qənimə Sioşvili, Anar Qaraşov, Səbuhi Hacıyev, Süleyman Əliyev və başqaları, ümumilikdə 30 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən mənzil, bələdiyyə torpaq sahələri, işlə təminat, qeydiyyat, uşaq bağçaları, kommunal borclar və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra başçısı su təminatının daha da yaxşılaşdırılması məqsədilə Zirədən gələn baş su xəttinə qanunsuz qoşulmaların ləğv edildiyini, qəsəbədəki evlərdə istilik sisteminin bərpa ediləcəyini, sənədsiz və yöndəmsiz köşklərin və tikililərin aradan qaldırılacağını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.