Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiya təşkil olundu

12 noyabr 2016 | 11:00
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir.
      Həmin tədbirlər çərçivəsində  12 noyabr 2016-cı il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdi üçün  növbəti tur-aksiya təşkil olundu.
      Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyəti haqqında danışdı və bildirdi ki, layihə məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.
      Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
      Qeyd edək ki, məktəblilərin ekskursiyası noyabr ayının 15-nə kimi davam edəcəkdir. Bu tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Pirallahı  rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri başlanğıc olaraq Gəncə  şəhəri ilə tanışlığa Heydər Əliyev parkından və Ulu öndərin adını daşıyan Mərkəzdən başlayacaqlar. Gəncənin Qala arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olduqdan sonra məktəblilər dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, şəhərlə tanışlığı Şah Abbas Məscidi, Çökək hamam tarixi-memarlıq abidələri, eləcə də Məhsəti muzeyi və xalq qəhrəmanı Cavad xanın türbəsi ilə davam etdirəcəklər. Sonra isə Pirallahı şagirdləri Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış olacaqlar.
Keçidlər