Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblilərinin Qərb bölgəsinə maarifləndirici tur-aksiyası başa çatdı

15 noyabr 2016 | 11:00
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalarda iştirak edən Pirallahı rayonunun məktəbliləri ötən gün aksiyanı başa vuraraq geri döndülər.
   Bu tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Pirallahı  rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi oldu. Məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət etdilər. Şagirdlərə məlumat verildi ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında ən qiymətli tikinti materiallarından olan qırmızı qranitdən istifadə olunub. Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər. Muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur. Muzey binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfərində istifadəyə verilib. Orijinal layihə əsasında tikilən muzey binası zirzəmidən və 3 mərtəbədən ibarətdir. Qısa müddət ərzində mərkəzdə olduqca dəyərli sənət nümunələri, əşyalar toplanıb. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
     Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi oldu. Muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. Yeni yaradılan bu abidə vaxtilə şəhərin 5 qapısından biri olan “Məqbərə” qapısının bərpa olunan variantıdır. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Muzeydə Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar, dekorativ tətbiqi sənətkarlıq nümunələri, misgərlik, dəmirçilik, dulusçuluq, xalçaçılıq məmulatları, silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlər nümayiş olunur.
      Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçdi. Qeyd edək ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib. “İmamzadə” ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq yaradıb.
    Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət etdilər, xatirəsini ehtiramla anıldı. Məktəblilər 1606-cı ilin tarixi yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış oldular. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsini ziyarət etdilər. Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb. Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.
    Son olaraq məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksinə gəliblər. Məktəblilər Bayraq meydanında 120 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağını seyr edib, ölkənin dövlətçilik tarixindən bəhs edən guşələrə baxıblar.
Sonra Pirallahı şagirdləri Şəmkir və Göygöl rayonlarının gəzməli-görməli və tarixi yerləri ilə tanış oldular.
   Tur-aksiyanı başa vuran məktəblilər onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Məktəblilərin valideynləri Könül Rüstəmova və Zəminə Quliyeva qeyd etdilər ki, belə aksiyalar gənc nəslin Vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə Vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir.
Keçidlər