Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr çağdaş milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir tarixdir

16 noyabr 2016 | 11:00
      1990-cı il noyabrın 17-si günü Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirildi. Çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan qərarlar qəbul edildi. Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “sovet sosialist” sözləri əbədi olaraq atıldı, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev Şəxsiyyətinin dahiliyi, uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Tariximizə Milli Dirçəliş Günü kimi daxil olmuş 17 noyabr onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən insanlar üçün 17 noyabr əsl Dirçəliş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin qalibiyyətli tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü də xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!
     Noyabr ayının 16-da Pirallahı rayonunda təşkil edilmiş və 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli yığıncağı açıq elan edən Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov çıxışına bu sözlərlə başladı. H.Şikarov bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyevin vurğuladığı kimi, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1988-ci ilin “Meydan hərəkatı”ndan geniş bəhs edən H.Şikarov qeyd etdi ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmüş olarıq. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərdilərsə də, Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu önəmli bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz gündən-günə güclənir, qüdrətlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf onu deməyə əsas verir ki, respublikamızda davam edən geniş quruculuq işlərinin sayəsində, Prezident İlham Əliyevin vurğuladığı kimi, bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!
     Daha sonra tədbir tanınmış ifaçıların, Qafqaz Universitetinin özfəaliyyət kollektivlərinin və  14 nömrəli musiqi məktəbinin nağaraçalanlardan ibarət "Ritm" qrupunun təqdim etdiyi və 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi.
Keçidlər