Şriftin ölçüsü :

Saytın rəngi :

Dəniz neftçilərinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir

03 dekabr 2016 | 11:00

10 saylı dərin dəniz özülündə baş vermiş qəzada  həlak olmuş neftçilərin əziz xatirəsi əbədiləşdirildi

       Bu gün Pirallahı rayonunun Çilov qəsəbəsində ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və Neft Daşlarındakı 501 nömrəli dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirildi. Tədbirdə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rəsmi nümayəndələr, həlak olmuş neftçilərin ailə üzvləri və ictimaiyyət təmsilçiləri iştirak etdilər.
     Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının rəhbərliyi altında görülmüş tədbirlərdən danışmış, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını və son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu deyən R.Abdullayev dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb: “Təcrübəmdən bilirəm ki, neftçilərin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl sözlər deyil, bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”.
      Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkətin prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bu görüşün də onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Qəzada xilas edilmiş neftçilərin müalicə-reabilitasiyası istiqamətində fəaliyyətə hərtərəfli dəstək verilməsinə də toxunan R.Abdullayev dövlətimizin başçısı İlham Əliyevin göstərişlərinə əsasən, zərər çəkmiş bütün insanların sosial təminatları ilə bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb.
       İtkin düşənlərin ailə üzvləri ilə SOCAR rəhbərliyi nümayəndələrinin indiyə qədər keçirilmiş görüşləri haqqında məlumatlı olduğunu bildirən R.Abdullayev həlak olmuş neftçilərinin ailə üzvlərini narahat edən məsələlərlə maraqlandı, onların arzu və istəklərini dinləyib, suallarını cavablandırdı. 1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb, qeyd edib ki, Azərbaycan neftçisi bütün çətinliklər üzərində qələbə çalır, təbii fəlakətlər qarşısında bu gün də geri çəkilmir. R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib, amma SOCAR kollektivinin nikbin olduğunu bildirib. “Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır” - deyə Dövlət Neft Şirkətinin prezidenti vurğulayıb.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz çıxışında Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib, qəzadan sonra bu məsələnin dövlətimizin rəhbəri cənab İlham Əliyev tərəfindən gündəlik nəzarətə götürüldüyünü və dərhal Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirdi. V.İmanov 4 dekabr faciəsi zamanı həyatlarını itirmiş neftçilərə rəhmət diləmiş, onların doğmalarına və bütün neftçilərə xoş günlər arzulamışdır. Pirallahının neftçilər rayonu olduğunu bildirən başçı bu rayona göstərilən diqqətə görə dövlət rəhbərliyinə təşəkkürünü bildirmişdir.
       Azərbaycan dövlətinin “Günəşli”dəki qəzada həlak olanların ailələrinə daim dəstək olduğunu söyləyən 4 dekabr hadisəsinin iştirakçısı Allahverdi Məmmədov demişdir: “Biz xəstəxanada olanda da, sonralar da arxamızda dövlətimizin və şirkətimizin dəstəyini hiss etdik. Bu gün də dünyasını dəyişmiş yoldaşlarımın ailə üzvləri bu qayğını hər gün hiss edirlər”. Hadisənin digər iştirakçısı Mahal Yusifov bir il əvvəl “Günəşli”də baş vermiş qəzanı və itirdiyi iş yoldaşlarını hər gün xatırladığını bildirmişdir: “Onlar Vətənin qüdrətinin möhkəmlənməsi uğrunda canlarını qurban verdilər. Vətən sağ olsun, dövlətimiz sağ olsun”. Həlak olmuş neftçilərin ailə üzvləri adından İman Qasımovun qardaşı Rafiq Qasımov çıxış edərək, 4 dekabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışmış, bu möhtəşəm abidənin ucaldılmasına görə təşəkkürünü bildirmişdir. İtkin düşən neftçilərin ailə üzvlərindən Esmira Əhmədova,  Nəcməddin Nəcməddinov, Simuzər Rzaxanova və başqaları qarşılaşdıqları problemlərdən söz açmış, bu problemlərin həlli üçün SOCAR-ın rəhbərliyinin köməyinə ehtiyac yarandığını söyləmişlər, həlak olmuş neftçilərin əziz xatirəsinə ucaldılan abidəyə görə, onların ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.
      2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və Neft Daşlarındakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimindən sonra Pirallahı rayonu 131 nömrəli tam orta məktəbin şagirdləri bu hadisələrə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmiş və şeirlər söyləmişlər.

Keçidlər