Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Milli Qurtuluş Günü ilə bağlı “Xalqın Xilaskarı” başlıqlı tədbirlər keçirildi

16 iyun 2013 | 10:00

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli 519-İVQ №-li Qanunla Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunda baş plana uyğun olaraq abadlıq və yenidənqurma işləri Milli Qurtuluş Günü ərəfəsində də artan templərlə davam etdirilmişdir. Tikintisinə hələ ötən il başlanmış Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılmışdır. Ümumi uzunluğu 21,7 kilometr təşkil edən yolun 7 kilometri altı, 14,7 kilometri isə dörd hərəkət zolağından ibarət olacaqdır. Hazırda yolda torpaq-qazma ilə yanaşı, yatağın hazırlanması işləri gedir. Eyni zamanda, 4 kilometr məsafədə asfalt-beton örtüyü vurulur. Burada işlərin təxminən 20-25 faizi tamamlanmışdır. Ümumilikdə isə işlərin 2014-cü ildə başa çatdırılması planlaşdırılmışdır.
 Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə tədbirlərinin görülməsi işləri yüksək templərlə davam edir. Əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq bu körpünün uzunluğu 710 metr, aşırım hissəsi 420 metr, su səviyyəsindən hündürlüyü 13 metrdir. Körpü 10 dayaq, 9 aşırımdan ibarətdir ki, burada da gəmilərin keçidi üçün nəzərdə tutulan aşırımlar arası məsafə 83 metr olacaqdır. Xəzərdə, bütövlükdə Qafqaz regionunda dənizin içində tikilən ilk körpünün inşaat işlərinə 2012-ci ilin axırlarından başlanıb və tikintinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulub.
 Qəsəbədəki Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış, əvvəllər diqqətdən kənarda baxımsız şıkildə qalan abidə Pirallahının mərkəzi hissəsinə köçürülərək bərpa edilmişdir. Bu ərazi yenidən qurulmuş, ətrafda abadlaşdırma işləri davam edir. İnanırıq ki, əvvəlki yerində diqqətdən kənarda qalmış Böyük Vətən Müharibəsi abidəsi bundan sonra böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müsbət rol oynayacaqdır. Pirallahı qəsəbəsinin mərkəzində yerləşən və kiçik yaşlı sakinlərimizin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə salınan “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir, bardyurlar qurulur.
 Ərazisi 4 hektardan çox olan geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə adadakı qrunt sularından yaranmış gölün qurudulması prosesi davam edir. Gölə gün ərzində 70-75 maşın torpaq tökülür. Paralel olaraq drenaj işlərinə və kanalizasiya sisteminin qurulmasına başlanıb. Ətrafda vətəndaşlar tərəfindən zəbt olunmuş sahələrdə xeyli sayda köhnə tipli, yararsız tikililər vardır ki, indi torpaq sahələri onlardan da təmizlənir, ərazidəki antisanitariya aradan qaldırılır. Göl tam qurudulduqdan sonra burada “Abad məhəllə-1” layihəsinin icrasına start veriləcəkdir. Məlumat üçün bildirək ki, Pirallahı qəsəbəsinin mərkəzi hissəsində, İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazinin qonşuluğunda “Abad məhəllə-2” layihəsinin də icrası nəzərdə tutulub. Pirallahı rayonunda salınacaq “Gənclər şəhərciyi”, tikiləcək “Turizm mərkəzi” və digər iri həcmli layihələr sənədləşmə mərhələsindədir.
 Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi davam edir. O cümlədən, 28-ci məhəllədə müxtəlif diametrli 679 metr, 29-cu məhəllədə 596 metr, S.Bağırov küçəsində 878 metr boru xətti yenilənmişdir. Hazırda Kamil Rzayev küçəsində işləri tamamlayan Su-Kanal departamenti 40-cı məhəllədə fəaliyyətə başlayıb. Qəsəbədaxili və magistral su kəmərləri də çəkilir. 40-cı məhəllədə istilik sisteminin bərpası prosesinə başlayan “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verib. Qəsəbənin giriş hissəsində iki yerdə müasir tipli yeni dayanacaq inşa edilmiş, bunula da Pirallahıda qurulan müasir dayanacaqların sayı 4-ə çatdırılmış, daha 2 dayanacağın özülü atılmışdır.
 Pirallahı rayon İcra Hakimiyyəti aparatı 15 iyun – Milli Qurtuluş Gününə və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 20-ci ildönümünə də layiqincə hazırlaşmışdır. Bayramla əlaqədar rayon mərkəzi olan Pirallahı qəsəbəsi yol boyu bayraqlarla bəzədilmişdir. Qəsəbə daxilində, mərkəzi hissədə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin iri portretləri və müdrik kəlamları yazılmış lövhələr asılmışdır.
 Bayrama həsr olunmuş “Xalqın Xilaskarı” başlıqlı tədbirlərə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin bayramsayağı bəzədilmiş böyük iclas zalında keçirilən Konfransla start verildi. 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş Konfrans Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gayıdışından sonra Azərbaycanın keçdiyi inkişaf mərhələlərinə nəzər salan, ölkəmizin hərtərəfli iflas və tənəzzül yolundan Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun reallaşması nəticəsində tərəqqi və yüksəliş dövrünə qədəm qoyduğunu vurğulayan Pirallahı RİH Mətbuat xidmətinin rəhbəri İlqar Məmmədli qazandığımız bütün nailiyyətlərin Heydər Əliyev qətiyyətinin, müdrikliyinin bəhrəsi olduğunu bildirdi. Son 20 ildə Azərbaycan fəlakətlərdən, xaosdan geniş inkişaf yoluna çıxaraq Prezident İlham Əliyevin rəhbərliyi altında sabitliyin təmin olunduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu durmadan artan bir ölkə kimi özünü təsdiq etmişdir.
 Pirallahı ictimaiyyəti adından çıxış edən 168 №-li orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Alxazova, Azərbaycan Müəllimlər institutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə, “Abşeronneft” NQÇİ-nin şöbə rəisi Şamil Kazımov  və digərləri Qurtuluş Azərbaycana nə verdi sualına cavab axtararkən ölkəmizin bugünkü həqiqətlərini, mənzərəsini, vətəndaşlarımızın əhval-ruhiyyəsini, bütövlükdə Azərbaycanın nurlu gələcəyi üçün yaradılan imkanları göstərmək lazımdır dedilər. Çıxışların tamamında “15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar çəkilmiş sənədli film nümayiş olundu. Daha sonra tədbir iştirakçıları rayonun “Gənclər Parkı”nda keçirilən bayram tədbirinə dəvət edildilər.
 Pirallahı rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər saat 11.00-dan başlayaraq “Gənclər Parkı”nda bayram konserti və xalq gəzintisi ilə davam etdi. Tədbirə toplaşanları salamlayan Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Milli Qurtuluş Günü ilə əlaqədar nitqində ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın bir ölkə olaraq həyatının tamamilə dəyişməsi, hərtərəfli tərəqqi yoluna qədəm qoyması ilə müşayət edildiyini bildirdi. Vasif İmanov vurğuladı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması tariximizdə əlamətdar günlərdən biridir, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub, bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Ümummilli liderin əsasını qoyduğu siyasət uğurla davam etdirilir.
 Daha sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və xalq gəzintisi ilə davam etdirildi.

Keçidlər