Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir
16 sentyabr 2022 | 17:31
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 16 sentyabr 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda millət vəkili Rauf Əliyev, RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov ilk öncə Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında irimiqyaslı təxribata əl atması, son bir neçə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutması, Azərbaycan Ordusunun hərbçiləri ilə yanaşı, Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəfə alması barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, Ermənistan ordusu yenə də darmadağın edildi, bir neçə hərbi hissəsi, yüzlərlə hərbi texnikası və canlı qüvvəsi ordu hissələrimiz tərəfindən məhv edildi. Azərbaycan sülh yolu ilə irəliləməyə, bölgənin inkişafı, çiçəklənməsi, əməkdaşlıq layihələri ilə əhatələnməsi üçün çalışarkən baş verən bu hadisələr, hərbi toqquşmalar, 77 Azərbaycan övladının şəhid olması Ermənistanın ikiüzlü siyasətinin nəticəsidir. Ermənistanın bu gün də davam etdirdiyi bu siyasət ancaq bölgənin inkişafını istəməyən qüvvələrə və dünyada münaqişə ocaqlarının artmasında maraqlı olanlara xidmət edir.
Sakinlərlə görüşdə iştirak edən millət vəkili Rauf Əliyev bildirdi ki, bu gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Samitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak edərək geniş məzmunlu nitq söyləmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini vurğulayan ölkə başçısı Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağını və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını Səmərqənddən bir daha dünyaya bəyan etmişdir. Sonra millət vəkili Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq və təmir-bərpa işləri Pirallahıda da uğurla həyata keçirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.