Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirildi
23 sentyabr 2022 | 18:02
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 23 sentyabr 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vasif İmanov Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında irimiqyaslı təxribata əl atması, Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutması, Azərbaycan Ordusunun hərbçiləri ilə yanaşı, Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəfə alması barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, Ermənistan ordusu yenə də darmadağın edildi, bir neçə hərbi hissəsi, yüzlərlə hərbi texnikası və 400-dən artıq canlı qüvvə ordu hissələrimiz tərəfindən məhv edildi. Azərbaycan sülh yolu ilə irəliləməyə, bölgənin inkişafı, çiçəklənməsi, əməkdaşlıq layihələri ilə əhatələnməsi üçün çalışarkən baş verən bu hadisələr, hərbi toqquşmalar, 79 Azərbaycan övladının şəhid olması Ermənistanın ikiüzlü siyasətinin nəticəsidir. Ermənistanın bu gün də davam etdirdiyi bu siyasət ancaq bölgənin inkişafını istəməyən qüvvələrə və dünyada münaqişə ocaqlarının artmasında maraqlı olanlara xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verən Vasif İmanov bildirdi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Natiq bildirdi ki, 16 sentyabr 2022-ci il tarixdə Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin növbəti Sammiti baş tutdu. Sammitdə çıxış edən dövlət başçımız ölkəmizin geniş ticarət imkanlarına sahib olması, o cümlədən, Xəzər dənizində ən böyük mülki yük donanmasına, regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olması, Zəngəzur dəhlizinin açılması kimi bir çox əhəmiyyətli məsələlərə toxundu.
Rayon rəhbəri qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı tez-tez həmin ərazilərə səfər edir, yerlərdə müvafiq taşırıqlar verir. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri baş tutdu. Səfər zamanı ölkə başçısı bildirdi ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil uçotuna düşməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.